Ölkə

MTRŞ ANS-i bağışlamaq fikrində deyil

9 Fevral 2016 16:51
Baxış: 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Televiziya və Radio Şurası (MTRŞ) 26 fakt üzrə ANS ÇM-lə bağlı qəbul etdiyi qərarlara yenidən baxıb.

Milli.Az bildirir ki, MTRŞ-in Aparat rəhbəri Toğrul Məmmədov APA-ya açıqlamasında deyib ki, Səbail Rayon Məhkəməsindən MTRŞ-ə qaytarılan işlə bağlı qərar qəbul edilib.

O bildirib ki, Şura sədri Nuşirəvan Məhərrəmli tərəfindən inzibati xətalara dair işə baxılıb və müvafiq cərimə tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərarlar qəbul olunub: "Yəni əvvəlki qərarlar qüvvədə saxlanılıb".
 
Aparat rəhbərinin sözlərinə görə, Səbail Rayon Məhkəməsi prossesual qaydaya müvafiq olaraq belə hesab edib ki, MTRŞ kollegial orqan kimi bu işə baxa bilməz: "Məhkəmə belə əsas gətirmişdi ki, işə Şura sədri tək başına baxmalıdır. Faktla bağlı mübahisə yox idi. Əsas irad bu idi. Buna uyğun olaraq da köhnə qərar ləğv edilib. Şura sədri tərəfindən tək başına işə baxılıb və cərimələr olduğu kimi qüvvədə saxlanılıb. Qeyd edim ki, Şura Televiziya və Radio yayımı haqqında Qanuna və əsasnaməyə əsaslanaraq qərar qəbul etmişdi".
 
T.Məmmədov qeyd edib ki, oktyabrda qəbul edilən qərarlar da Apellyasiya Məhkəməsindən Səbail Rayon Məhkəməsinə qaytarılıb: "Hələlik həmin işə baxılmayıb".
 
Qeyd edək ki, Səbail Rayon Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin MTRŞ-a şikayətlərinə baxılıb. Məhkəmə şikayətlər üzrə qərar qəbul edib. Məhkəmənin gəldiyi nəticə bundan ibarət olub ki, MTRŞ verdiyi qərarlara yenidən baxmalıdır. MTRŞ "ANS ÇM" radiosunun inzibati qaydada məsuliyyətə cəlb olunması, yəni cərimə olunması barədə 26 qərar qəbul edib. Həmin qərarlardan şirkət  tərəfindən şikayət verilərək onların ləğv edilməsi istənilib. 
 
Onu da qeyd edək ki, "ANS ÇM" radiosunun yayımı zamanı "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun və "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar ötən ilin dekabrında MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətini 26 qərar üzrə ümumilikdə 161 000 manat məbləğində cərimə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.