Ölkə

Polisdən yeni plan

8 Fevral 2016 21:14
1 Şərh     Baxış: 5 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yol polisi yol hərəkəti qaydalarını pozan piyadalara qarşı tədbirlər planı hazırlayıb.

Bu barədə Milli.Az-a açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədovun sözlərinə görə, həm yol polisi tərəfindən görülən tədbirlər, həm də qanunvericilikdə cəzaların sərtləşməsindən sonra sürücülərlə bağlı müəyyən irəliləyişə nail olunubsa da, bunu piyadalar haqqında söyləmək olmur: "Bu il yanvarın 1-dən fevralın 6-dək Bakı şəhərinin inzibati ərazisində 52 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 10 nəfər ölüb, 56 nəfər xəsarət alıb. Məsələ ondadır ki, hadisələrin 50 faizi məhz piyadaların vurulması ilə bağlı olub. Bundan əlavə, yolu necə gəldi keçdiyinə görə 12881 piyada inzibati qaydada məsuliyyətə cəlb edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1103 qayda pozuntusu çox deməkdir. Təsəvvür edin ki, respublika üzrə piyadaların vurulması faktlarının təxminən 1/3-i paytaxtın payına düşür. Bu isə ciddi narahatlıq doğurur və onu deməyə əsas verir ki, piyadaların vurulmasının qarşısının alınması üçün artıq aidiyyatı tədbirlərin keçirilməsinə zərurət yaranıb".

Bölmə rəisi qeyd edib ki, ona görə də yol polisi piyadaların vurulmasının və eləcə də piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması məqsədilə xüsusi tədbirlər planı hazırlayıb: "Planın yaxın günlərdə icrasına başlanacaq. Qeyd edək ki, Bakıda 70-dən çox yeraltı və yerüstü piyada keçidi var və artıq onların hamısı müxtəlif vasitələrlə yol polisinin nəzarətinə götürülüb. Ona görə də Bakı Şəhər Yol Polisi İdarəsi piyadaları bir daha intizamlı olmağa dəvət edir. Onları xüsusən də günün qaranlıq saatlarında yolu keçərkən diqqətli olmağa çağırırıq. Yaxşı olar ki, onların geyimlərində hər hansı işıqqaytarıcı aksesuarlar da olsun. Bu bəzən hətta onların həyatını da xilas edə bilər".


Qeyd edək ki, Milli Məclis tərəfindən qəbul olunmuş və bu il mayın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsinə əsasən, yol hərəkəti qaydalarını pozan piyadalara qarşı cəzalar sərtləşdirilib. Belə ki, təxminən 3 aydan sonra qaydanı pozan piyadalar artıq 20 yox, 30 manat cərimə olunacaqlar.  

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.