Ölkə

Yerli istehsala zərər vuran idxala qarşı sərt tədbirlər həyata keçiriləcək

6 Fevral 2016 15:20
Baxış: 1 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda istehsalçıların iqtisadi maraqlarının müdafiəsi məqsədi ilə yerli istehsal sahəsinə zərər vuran idxala qarşı tədbirlərin həyata keçirilməsi, o cümlədən antidempinq və kompensasiya rüsumlarının tətbiqi qaydaları müəyyənləşdirilib.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, yeni hazırlanan "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsi yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli (malın normal dəyərindən aşağı qiymətə Azərbaycanın gömrük ərazisinə buraxılması) və artmış idxala qarşı həyata keçirilən tədbirləri, o cümlədən antidempinq, kompensasiya və xüsusi rüsumların formalaşdırılması və tətbiqi qaydalarını tənzimləyir.

Layihəyə görə, antidempinq rüsumları qiymətlə bağlı öhdəliklərin qəbul edilməsi halı istisna olmaqla, dempinqli və yerli istehsal sahəsinə zərər vuran bütün idxallara ayrı-seçkilik qoyulmadan tətbiq edilir. Antidempinq rüsumunun dərəcəsi baxılan malın fərdi dempinq marjası üçün seçilmiş ixracaatçılarına və ya xarici istehsalçılarına münasibətdə müəyyən olunmuş çəkili orta dempinq marjasından artıq olmamalıdır. Əgər baxılan malın xarici istehsalçısı və ya ixracaatçısı araşdırma orqanına araşdırmanın aparılması üçün zəruri məlumatları təqdim etməkdən imtina edərsə və müəyyən olunmuş müddətdə məlumatları təqdim etməzsə, onda araşdırma orqanında olan məlumat əsasında hesablanmış ən yüksək antidempinq rüsumu tətbiq edilməlidir.

Layihədə qeyd edilir ki, müvəqqəti antidempinq tədbirlərinin tətbiqi müddəti 4-6 aydan çox ola bilməz.

Kompensasiya rüsumları isə spesifik subsidiya verən xarici dövlətə məsləhətləşmələrin aparılması təklif olunduqdan sonra və xarici dövlət təklif olunan məsləhətləşmələrdən imtina etdikdə və ya bu cür məsləhətləşmələrin gedişi zamanı qarşılıqlı razılıq əldə olunmadıqda tətbiq olunur. Kompensasiya rüsumlarının dərəcələrinin müəyyən edilməsi zamanı kompensasiya rüsumlarının tətbiqi iqtisadi maraqlarına toxuna biləcək yerli istehlakçıların və malın sənaye məqsədi ilə istifadəçilərinin araşdırma orqanına yazılı formada təqdim etdiyi rəyi nəzərə alınır.

Müvəqqəti kompensasiya tətbirlərinin tətbiq müddəti 4 aydan çox ola bilməz.
Müvəqqəti antidempinq və kompensasiya tədbirləri rüsum və ya bu rüsuma bərabər pul depoziti formasında ola bilər.

Layihədə mühafizə tədbilərinin tətbiqi, dempinqli idxalın müəyyən edilməsi, dempinqli idxal nəticəsində yerli istehsal sahəsinə vurulan maddi zərərin, eyni zamanda maddı zərərin vurulma təhlükəsinin müəyyən edilməsi, dempinq marjasının (malın ixrac qiyməti ilə normal dəyəri arasında faizlə ifadə olunan fərq), spesifik subsidiyanın məmləğinin hesablanması qaydaları da müəyyənləşdirilib.

Layihə Milli Məclisin fevralın 12-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.