Ölkə

Qocalanda daha firavan yaşaya bilərik, amma...

8 Fevral 2016 07:35
Baxış: 2 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda pensiya islahatları davam edir və elan edildiyi kimi, bu islahatlar 2020-ci ilə qədər mərhələli şəkildə həyata keçiriləcək. Amma hal-hazırda onun təkmilləşdirilməsi üçün beynəlxalq təcrübənin də dərindən öyrənilməsinə və ondan bəhrələnərək ölkədə tətbiq olunmasına ciddi ehtiyac var.

Bu gün ölkədə olan pensiya yaşı digər Avropa ölkələri ilə müqayisədə nisbətən yaxşıdır. Qanunvericiliyə əsasən, Azərbaycanda pensiya yaşı kişilər üçün 63, qadınlar üçün isə 60 yaş müəyyən edilib. Bir sıra Avropa ölkələrində, həmçinin ABŞ-da isə pensiya yaşı daha yüksək - 65-68 yaş arasında dəyişir. Amma burada bəzi incə məqamlar var.

Həmin məqamları Milli.Az-a şərh edən ekspert Nicat Hacızadənin sözlərinə görə, ilk baxışdan yaş cəhətdən Azərbaycandakı pensiya sistemi daha cəlbedici görünsə də, prosedurlar bir qədər fərqlidir: "Məsələn, Azərbaycanda bir şəxs əgər pensiya yaşına çatmamış dünyasını dəyişirsə, o şəxsin ailə üzvünə və ya varisinə dəfn pulundan başqa əlavə məbləğ ödənilmir. Azərbaycanın pensiya haqqında qanunvericiliyə əsasən, ailə başçısını itirən şəxslər 18 yaşına çatmamış övlad və ya 18 yaşına çatanadək sağlamlığında hər hansı qüsur müəyyən olunmuş, sağlamlıq imkanlarında məhdudluq müəyyən olunmuş övlad, təhsil müəssisəsində əyani olaraq təhsil alan övlad, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə, bu hallarda pensiya ala bilərlər.

Amma Avropa ölkələrində şəxs pensiya yaşına çatmamış dünyasını dəyişibsə, həmin yığılan miqdar onun ailə üzvünə və ya varisinə verilir və minimum miqdar isə 200 avrodan başlayır. ABŞ təcrübəsində isə belədir ki, əgər hər hansı bir şəxsin pensiya məbləği 20.000 dolları adlayıbsa, o şəxs istədiyi zaman pensiyaya çıxma səlahiyyətindədir və heç kəs onu məcburi saxlaya bilməz. Bizdə isə belə bir şey, ümumiyyətlə, yoxdur. Hətta bizdə bəzən də olur ki, insan dünyasını tez dəyişir və yığılan pensiyanı ala bilmir".

N.Hacızasənin fikrincə, vəziyyətdən çıxış yolu inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da özəl pensiya fondlarının yaradılması ola bilər. Lakin bunun zəruriliyi dəfələrlə qeyd edilsə də, ölkədə belə fondlar, hələ ki, yaradılmır. Halbuki, onların yaradılması iqtisadi inkişafa da dəstək ola bilər: "Özəl pensiya fondları Amerika və Avropa ölkələrində çoxdan mövcuddur. Bu fondlar əhalinin könüllü olaraq öz gələcək pensiya yaşını rahat yaşaması üçün təsis edilir və fonddakı pullar da bunun üçün istifadə edilir. Özəl pensiya fondları müqavilələr əsasında işləyir. Məsələn, şəxs gəlir özəl pensiya fondunda və 5000 dollar məbləğində pul qoyur və müqavilə imzalanır. Fond həmin şəxslərdən qoyduqları pensiya hesabından investisiya etməyə icazə verib-vermədiyini soruşur. Burada bir məqam da odur ki, qoyulan hər bir dollar sığortalanır və heç zaman itmir. Fond məbləği investisiya kimi istifadə etdikdə aradakı razılığa əsasən, investisiyadan qazanılan gəlirdən müəyyən faiz pensiya məbləğinə köçürülür. Ancaq investisiya uğursuz olarsa, pensiya üzrə məbləğ yenidən ya sığorta, ya da ehtiyat likvidlik üzrə kompensasiya edilir".

İqtisadçı bildirib ki, özəl pensiya fondları müxtəlif növlərə bölünür. Elələri var ki, vətəndaş yalnız dövlətin müəyyən etdiyi yaşa çatdıqdan sonra pensiyaya çıxdıqda pensiya vəsaitlərini götürə bilir, amma digərlərində vətəndaş istədiyi zaman pensiya vəsaitlərini ala bilir: "Özəl pensiya fondları dövlət fondundan əlavə yaradılmalı olan bir qurumdur. Azərbaycanda vətəndaş qazancından istədiyi miqdarda dövlət fonduna ödəmələr edə bilmir, amma özəl pensiya fondları yaradılsa, bunu edə bilər və pensiya yaşına çatdıqdan sonra yığılan pul ona geri qaytarılacaq. Hazırda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xətti ilə pensiya alanda belədir ki, vətəndaş uzun illər ərzində məcburi dövlət sığorta haqqı ödəyir. Sonda da Fond həmin adama qanunvericiliyə uyğun qaydada müəyyən edilmiş standart pensiya məbləğini verir. Özəl pensiya fondunda isə şəxs pensiya vəsaitini istədiyi qədər, bəzən isə istədiyi vaxt ala bilir. Təqaüd yaşına çatdıqda isə əlavə olaraq dövlət fonduna qoyduğu pulları da Fonddan geri almağa başlayır. Bu zaman vətəndaş ahıl dövrünü kiməsə maddi ehtiyac içində deyil, daha rahat yaşayır".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.