Ölkə

Bakıda dələduz-manyak peyda olub

3 Dekabr 2015 15:54
6 Şərh     Baxış: 103 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ofisi Bakının Nərimanov rayonunda yerləşən "AS mühasibat xidməti" şirkətinin rəhbəri İsrafilov Azər Nüsrət oğlu Milli.Az-a müraciət edərək bir nəfər dələduz-manyaka görə normal işləyə bilmədiklərini və davamlı böhtan və təhqirlərə məruz qaldığını deyib.

Biz şirkətlərin mühasibat işlərini aparırıq. Bir nəfər bizim nömrələrimizi tapıb, mənə və şirkətin nə qədər işçisi var, hamısına zəng vurub söyür. İşədüzəltmə firmalarına da zəng vurur, özünü müxtəlif adlarla bizim şirkətin müdiri kimi tanıtdırır və deyir ki, ona işçilər lazımdır, işçi göndərin. İş axtaran adamların da hərəsindən kontur alır, sonra da yönləndirir bizim ofisə. Onlar da ofisimizə gəlib dava salırlar ki, bəs filankəs müəllim deyib ki, burada bizim üçün iş var. Biz də deyirik ki, bu ofisin nə sizə, nə də sizi bura göndərənə heç bir aidiyyəti yoxdur. Yəni, beləcə yüzlərlə adamı aldadaraq pulunu əlindən alıb, yüzlərlə şirkət müdirinə zəng vuraraq təhqir edib.

A.İsrafilovun sözlərinə görə, polisə şikayət edilsə də, hələ ki, həmin şəxsin barəsində heç nə edə bilmir: "Bir aydır ki, həm ofisin yerləşdiyi Nərimanov rayonunda, həm də qeydiyyatda olduğum Sabunçu rayonunda polis bölmələrinə şikayət etmişəm. Amma həmin adamı tapa bilmirlər. Halbuki, həm o şəxsin adını və soyadını, həm də zəng etdiyi telefon nömrələrini bilirik. Bunu araşdırmaq və adamı tapmaq çətin olmamalıdır. Bilirik ki, həmin şəxsin adı Zərbəliyev Adil Çingiz oğludur və Masallı rayonunda anadan olub. Amma özünü insanlara müxtəlif adlarla təqdim edir. Sadəcə, Bakıda işlədiyindən harada işləyib-yaşadığını bilmirik".

Şirkət rəhbəri problemin haradan qaynaqlandığını da deyib: "Bizim ofisimizin yerləşdiyi binanın yarısı başqa bir şəxsin icarəsindədir. Qonşuluğumuzdakı həmin yeri də işlədən bir xanımdır. Onun da təxminən 50-55 yaşı olar. A.Zərbəliyevin həmin xanımla əvvəllər hansı əlaqəsinin olduğunu biz bilmirik. Amma o, bizə deyir ki, həmin xanımı ofisdən çıxaraq. Biz də onu başa sala bilmirik ki, ofisin sahibi deyilik və həmin xanım kimi biz də icarədə otururuq. Problem bundadır ki, A.Zərbəliyev 4 ay əvvəl gedib həmin qadını döyərək onun telefonunu əlindən alıb və o vaxtdan bu problem davam edir. Qadın da 4 ay əvvəl polisə müraciət edib. Adil adlı həmin şəxs o qadını məcbur edib deyir ki, işləməsin. O da deyir ki, sən mənim ərim olmamısan, əzizim deyilsən, bir yerdə yaşamırıq. Necə yəni işləməyim? O da qadının qardaşına zəng vurub deyir ki, guya mən həmin qadınla gəzirəm. Mənim isə cəmi 29 yaşım var. Qardaşı da mənə zəng vurub maraqlanıb, mən də demişəm ki, əsla belə bir şey yoxdur və vəziyyəti ona başa salmışam. Adilin qadından oğurladığı telefonda da müxtəlif şirkətlərin müdirlərinin və işçilərinin nömrələri var.

A.Zərbəliyev ayrı-ayrı nömrələrdən hamıya zəng edib həmin xanımla işləyənlərin ünvanına əxlaqsız ifadələr işlədir, onları söyür. Bir də görürsən ki, gecə saat 3-də zəng gəlir, açıram görürəm ki, söyür. Həmin nömrələr isə vaxtilə kimlərinsə əllərindən zorla aldığı telefonların nömrələridir. Bu adamın barəsində polis bölmələrində oğurluq, dələduzluq, böhtan, təhqirlə bağlı yüzə yaxın adamın şikayət ərizəsi var. O da hamıya bizim ofisin nömrələrini verib. Şikayətçilər də gəlib burada hay-küy salırlar. Biz də normal işləyə bilmirik. Polis isə onu hələ də tapa bilmir. Belə getsə, MTN-ə müraciət etməli olacam".

Pünhan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.