Ölkə

Təranə: "Fahişəlik üstündə tutulmamışam ki..."

1 Dekabr 2015 14:29
32 Şərh     Baxış: 8 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış prodüser Təranə Səmədovanın sərxoş vəziyyətdə avtomobil idarə edərkən yol polisi əməkdaşları tərəfindən saxlanılması məsələsi bir neçə gündür ki, gündəmdən düşmür. Baş verən hadisə barədə T. Səmədova mətbuata ilk dəfə doğru olmayan informasiya verib.

Milli.Az xəbər verir ki, içkili olmadığını deyən prodüser big.az-a danışan zaman səhvini anladığını və əslində içkili olduğunu etiraf edib:

- Necəsiz, Təranə xanım?

- Yaxşıyam, siz necəsiniz? (gülür-red)

- Minnətdaram. Maşallah, gündəmdən düşmürsünüz, ha...

- Sən zarafat elə (gülür-red). Desəm, əlayam, yalan olar. O qədər də pis deyiləm. Ancaq sarsılmıram. Dərk elədim ki, mən necə də önəmli insanammış. Və anladım ki, o qədər də nüfuzdan düşməmişəm. Çünki insanlardan özümə qarşı doğmalıq, istilik gördüm.

- Yayılan video barədə bir daha sizinlə danışmaq istəyirəm. Videoda həqiqətən sərxoş idinizmi?

- Əvvəlcə bir şeyi qeyd edim. Sənin simanda bir neçə jurnalist dostlarıma açıqlama verdim. Saxlanıldığım gecə dostlarımdan biri köməyimə gəldi və belə məsləhət bildik ki, mətbuata açıqlama verən zaman deməyim ki, sərxoş olmuşam. Amma bilmədim ki, bu məsələ bu qədər qabardılacaq, yoxsa zamanında etiraf edərdim ki, spirtli içki qəbul etmişdim. Ancaq şəxsi həyat hər kəsin özəlidir, özünə aiddir. Məni qınayan insanlara baxıram, gülməyim gəlir. Mən demirəm ki, əcəb eləmişəm. Elədiyim səhvlərin Allah qarşısında da, qanun qarşısında da cəzasını özüm çəkəcəyəm. Bəli, spirtli içki qəbul etmişdim, ilk dəfə sizə etiraf edirəm. Yaxşı dostlarımın məclisində olmuşam,demişəm-gülmüşəm, yemişəm-içmişəm, bir sözlə istirahət etmişəm. Yeganə səhvim o olub ki, çıxanda ayıq sürücü çağırmamışam.

- Ancaq sizi qınayanlarla yanaşı, müdafiə edənlər də kifayət qədər oldu.

- Müdafiə edib, demədilər ki, əcəb eləmisən, içmisən. Sadəcə bunu şişirdənlərə, məni daş-qalaq edənlərə cavab verildi ki, bu insanın şəxsi işidir. Sizin haqqınız yoxdur, bu insanı bu dərəcədə təkləməyə, daş-qalaq etməyə, qüsur axtarmağa. Üzr istəyirəm ifadəmə görə, fahişəlik üstündə tutulmamışam ki, ayıb olsun, ya da gizlədim?! Şükür Allaha ki, belə bir şey olmayıb. İlk günlər videoya baxa bilmirdim, utanırdım. Düzdür, dostlarım yığıb gülə-gülə deyirdilər ki, kişinin başına iş gələr də. Həyatdır... Mən həyatın necə sınaqlarından təkbaşına qadın olaraq keçmişəm. Bu nədir ki?! Belə şeylər məni sındırmaz, əksinə stimul verər. Guya bütün respublikaya məni ifşa etdilər nə oldu?! Əksinə bir daha əmin oldum ki, adımla bağlı olan hər hansı xəbər, veriliş reytinq verir. Mən onlara, onlar mənə təkan verdilər. Həmin insanlara "çox sağ ol" deyirəm. O demək deyil ki, mən axmağam, onlara "çox sağ ol" deyirəm. Bu dırnaqarası çox sağ oldur. Övladımla məni utandırmaq istəyən insanlara səslənirəm ki, guya ailənizdə spirtli içki qəbul edib, min cür meymunluqdan çıxanlar olmayıb? Spirtli içki qəbul eləsəm belə, özümü idarə edə biləcək qüvvədə olmuşam. Elə insanlar var ki, heç anlaya bilməyiblər ki, mən içkili olmuşam. Kimisə təhqir eləmişəmsə də, deməli, məni o dərəcədə əsəbləşdirib ki, mən o həddə çatmışam. Mənim balamın adını çəkənlərin üstündən xətt çəkərəm. Sussunlar, övladımı bu söhbətə qatmasınlar!

- Polislər sizə zor tətbiq ediblərmi?

- Mən qadınam. Nə qədər güclü, çəkili olsam da, kişidən güclü olası deyiləm ki?! Həmin yerdən də qaçası deyildim. Kim olursan-ol, qanun qarşısında boynumuz qıldan incədir. Bunu anlayıram ki, qanun hamımız üçün birdir. Mən nəyəsə görə kiməsə yaltaqlanan insan da deyiləm. Məni tanıyanlar yaxşı bilirlər.

- İlk dəfə mediaya yalan məlumat vermək məcburiyyətində qaldınız, düzdür?

- Sənin simanda, mənə zəng edən bir çox jurnalist dostlarıma səslənirəm. Mən heç vaxt sizə yalan informasiya verməmişəm, amma məcbur oldum. Sadəcə gecədən mənə belə məsləhət bilinmişdi ki, spirtli içki içdiyini demə. Mən kişi qızıyam. Ona görə də mənə bu məsləhəti verən dostlarımın sözünü yerə salmayıb, mediaya yalan danışdım. İlk dəfə! Ancaq müqabilində mənə o kişi hörmətini bəzi televiziya kanalları göstərmədi.

- Belə çıxır ki, sizdən reytinq xatirinə istifadə etdilər.

- Yox, bilərəkdən mən seçilmədim. Sadəcə lazımi zamanda lazımi məkanda bəxtdən mən oldum. Bəziləri mənə zəng elədi ki, bu qurmadır, təxribatdır. Ancaq mən özüm-özümü aldatmağı sevmirəm. Bilirəm ki, həqiqətən reyd keçirilirdi, səhv məndə oldu ki, sənədlərimi sakit təqdim edib, səhvimi boynuma almadım. Gərək içkili olduğumu etiraf edib, avtomobilimin açarlarını sakitcə təqdim edərdim.

- Hal-hazırda sizə qarşı hansı cərimələr tətbiq olunub?

- Avtomobilim cərimə meydançasındadır. Üzülmürəm. Mən heç bir siravi vətəndaşdan artıq deyiləm. Məni gözügötürməyənlər sevinməsinlər ki, Təranə sındı. Xeyr, mən də bu respublikanın vətəndaşıyam. Səhv etmişəm, cəriməmi də ödəyəcəm, qanunla nə lazımdırsa, edəcəm. Ancaq seçildiyimin də fərqindəyəm. Elə olmasaydı, mediada bu qədər şişirdilməzdi.

- Videoda müəyyən hissəni gördük. Sonra nələr oldu?

- Meyxanaçı Pərviz Bülbülə və mənim avtomobillərim cərimə meydançasına aparıldı. Daha sonra mən sərxoşluğum yoxlanılmaq üçün tibbi məntəqəyə aparıldım. Nə lazımdırsa, qanunla o tətbiq olunacaq, mən də hər bir vətəndaş kimi onu edəcəm.

- Amma əksər insanlar meyxanaçı Pərviz Bülbüləni və sizi zorla avtomobilə əyləşdirmək istəyən DYP polis əməkdaşını qınayırlar.

- Həmin gün Pərviz Bülbülə ilə eyni məclisdə idik. Pərviz o məclisdə telefonunu unutmuşdu. Onunla görüşüb, telefonunu özünə qaytarmalı idim. Telefonuna görə zəng edən Pərviz bildi ki, mən reydə düşmüşəm, özünü tez oraya yetirdi. Sadəcə olaraq onun da sənədləri üstündə olmadığından avtomobili cərimə meydançasına aparıldı. Avtomobilinin qapısını açmağımı xahiş edəndə artıq onun da avtomobili cərimə meydançasına aparılırdı. Bir sözlə, Pərviz özü də "atmosfer"ə düşmüşdü. (gülür-red.) O ki qaldı polis əməkdaşına, dodağının üstündə bığ olan kişiyə, onun bığları xoşuma gəlməmişdi ( qəh-qəhə çəkib, gülür - red.) Təbii ki, zarafat edirəm. Əslində onu da qınamıram. Polis əməkdaşı işini yerinə yetirirdi və mən də onu yetərincə səbrdən çıxartmışdım. Amma bu o demək deyil ki, polisin mənə zor tətbiq etməyinə də haqq qazandırıram. Mən ona izah edə bilmədim ki, burax məni, onsuz da qaçası deyiləm.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.