Ölkə

Manatın taleyi haqda növbəti tarix - 18 dekabr

1 Dekabr 2015 09:37
Baxış: 5 231
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə həftədir ki, manatın dollara nisbətən məzənnəsində ucuzlaşma müşahidə edilir. Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 30-na olan məlumatına əsasən, dolların rəsmi məzənnəsi dəyişərək 1,0512 manat təşkil edib. Halbuki, iki həftə öncəyə kimi 1 dollar 1.047 manat idi.

Manat ətrafında nələr baş verir? Məzənnədə bu dəyişikliklər nədən qaynaqlanır?

Milli.Az xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov "Bizim Yol"a bildirdi ki, manatın ətrafında baş verənlər Azərbaycanın daxilində gedən proseslərin nəticəsi ilə bağlı deyil: "Manatın məzənnəsi valyuta səbətinə görə formalaşır. Və bu səbətdə iki valyuta - dollar və avro təmsil olunur. Dekabrın 18-də Federal Ehtiyat Fondunun uçot dərəcələrinin artırılacağı ilə bağlı ehtimalı valyuta birjalarında dolların möhkəmlənməsinə səbəb olub. Dollar möhkəmlənməsi avronun ucuzlaşmasına gətirib çıxarır.

Digər tərəfdən, Avrozonada inflyasiya səviyyəsi kifayət qədər aşağıdır. Avropa Mərkəzi Bankının inflyasiya səviyyəsini dəstəkləmək məqsədilə bazarlara nağd pul ötürüləcəyi ilə bağlı açıqlaması, eyni zamanda bu prosesin davam etdirilməsi avronun ucuzlaşmasına səbəb olub. Deməli, bu iki amil avronu təzyiq altda saxlayır. Bu münasibətlər fonunda səbətlərdə avronun mövqeyi azalır, dollar isə möhkəmlənir. Azərbaycan Mərkəzi Bankının manatla bağlı etdiyi dəyişikliklərin əsas səbəbi də budur".

R.Həsənovun fikrincə, manatın məzənnəsində dəyişikliklər dekabrın 18-nə kimi davam edəcək: "Amma böyük dəyişiklik müşahidə edilməyəcək. Mində bir-mində iki faizlərlə dolların möhkəmlənməsi prosesi davam edəcək. FED-in dekabrın 18-dəki qərarından sonra manatın taleyi məlum olacaq. Əgər FED uçot dərəcəsini artırmaq qərarını verəcəksə, nəticədə növbəti dövrlər üçün dolların möhkəmlənməsi davam edəcək. Təxmini proqnozlara görə, möhkəmlənmə 6 ay-1 il arası çəkə bilər. Eyni zamanda, İranın da dünya bazarına neftini çıxarması gözlənilir ki, bu da "qara qızıl"ın qiymətinin dünya bazarlarında ucuzlaşmasına gətirib çıxaracaq".

Ekspert belə olacağı təqdirdə tədiyyə balansında çətinliklərin yaranacağını qeyd edir: "Hazırda valyuta sisteminin idarə edilməsi daha çox müsbət saldoya hesablanmışdı. Amma saldonun getdikcə aşağı düşməsi müşahidə edilir. Eyni zamanda dekabr ayı həssas aylardan biridir, idxalla məşğul olan şirkətlərin illik hesablaşmaları baş verir. Yəni xarici istehsalçılara ödənişlər həyata keçiriləcək, bu isə valyuta vasitəsilə olur. Belə olan halda valyutaya ciddi ehtiyac yaranacaq. Nəticədə Mərkəzi Bankın intervensiya xərcləri artacaq. Bu üç amilin təsiri olaraq, manatın məzənnəsi daha da aşağı düşəcək".

R.Həsənova görə, həmin dövrdə hökumət müəyyən qərarlar verə bilər: "Burada iki variantda qərar qəbul oluna bilər. Birincisi, bu ilin fevral ayındakı devalvasiyaya bənzər konkret rəqəmlər ifadə olunan sərt devalvasiyaya gedilə bilər.

İkinci variant isə üzən məzənnəsi sisteminə keçid qərarı ola bilər. Hər iki halda, 2016-cı ildə manatın ucuzlaşması ilə bağlı ciddi dəyişikliklər baş verəcək".

İqtisadçıya görə, manatın devalvasiyası istənilən halda ikirəqəmli olacaq: "FED faiz dərəcələrini artırmasa belə, hazırkı vəziyyətdə neftin qiymətinin aşağı düşməsi, Mərkəzi Bankın ehtiyatlarının azalması, habelə 2015-ci il ərzində müsbət saldonun 2 dəfədən artıq aşağı düşməsi devalvasiyanın ikirəqəmli olacağını labüd edir. Sadəcə olaraq, rəqəmlərin bir qədər də artmasında FED-in uçot dərəcəsi də rol oynaya bilər".

Maliyyə və real iqtisadiyyatın növbəti devalvasiyaya hazır olub-olmamasına gəlincə, R.Həsənov bunları söylədi: "Həm real sektorda, biznesdə, həm də maliyyə sektorunda çox ciddi problemlər var. Azərbaycan iqtisadiyyatı birinci devalvasiyanın nəticələrini aradan qaldıra bilməyib, faktiki olaraq çox ciddi problemlərlə üz-üzədir. Xüsusilə, ölkə vətəndaşları tərəfindən kreditlərin ödənişlərində çətinliklər var və problem daha da dərinləşməkdədir. O cümlədən, iqtisadi təşkilatların xarici öhdəliklərini yerinə yetirə bilmirlər. Bu isə xoş olmayan nəticələrə gətirib çıxarır. Məsələn, məlumatlar var ki, bəzi azərbaycanlı iş adamları borclarını ödəyə bilmədiklərinə görə Çində girov saxlanılır, sənədləri əllərindən alınıb. Göründüyü kimi, Azərbaycan iqtisadiyyatı birinci devalvasiyanın nəticələrini həzm edə bilməyib. Əslində, hökumətin manatın növbəti dəfə yumşaldılmasının gecikdirməsinin əsas səbəblərindən biri budur. Növbəti devalvasiya ölkə iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.