Ölkə

"Hər kəs "Gəncədən qadın namizəd olacaqsa, o da sən olacaqsan" deyirdi" - FOTO

30 Noyabr 2015 13:39
3 Şərh     Baxış: 1 754
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zeynəb Xanlarova böyüklük göstərdi

Milli.Az xəbər verir ki, modern.az ilk dəfə deputat seçilən şəxslərlə müsahibələri davam etdirir.

Bu dəfəki qonaq Gəncədən seçilən Milli Məclisin yeni deputatı Pərvin Kərimzadədir.

- Pərvin xanım, öncə sizi tanıyaq. Neçə ildir Gəncə Dövlət Universitetində çalışırsınız?

- 18 ildir ki, Gəncə Dövlət Universitetində çalışıram. Amma Bakı Dövlət Universitetini bitirmişəm. Gəncə Dövlət Universitetində sıravi müəllim kimi işə başlamışam.

Daha sonra dekan müavini, kafedra müdiri olmuşam. Hazırda elmi işlər üzrə prorektoram. Bundan əlavə, tarix üzrə fəlsəfə doktoruyam, dosentəm. Elmlər doktoru proqramı üzrə dissertasiya yazıram.

Mövzum Gəncənin milli hərəkatıdır. Demək olar ki, hər zaman vətən tarixinə müraciət etmişəm.

- Dediklərinizdən belə anladıq ki, ictimai-siyasi həyatda aktiv iş rejiminiz var. Deputatlığa namizədliyiniz Yeni Azərbaycan Partiyası tərəfindən  irəli sürülüb. Buna baxmayaraq, nə vaxtsa Milli Məclisin deputatı olaraq hansısa işləri həyata keçirmək ürəyinizdən keçibmi?

- Əvvəla, insan müəyyən təcrübəyə, yaşa malik olmalıdır ki, bunları düşünsün. Bu məlum məsələdir.  Mənim üçün qürurverici bir hal idi ki, partiya deputatlığa namizədliyim irəli sürdü.

Düşündüm ki, millət vəkili kimi seçicilərimin etimadını doğrulda bilərəm. Həm qanunların yaranmasında iştirak edə, həm də Azərbaycan həqiqətlərini millət vəkili kimi dünyaya tanıda bilərəm. Eyni zamanda, seçicilərimin haqlarını qorumaq, onların sözünü daha yüksək kürsülərdə söyləmək kimi arzularım vardı.

Hər zaman Milli Məclisin iclaslarında qəbul edilən qanunları yaxından izləmişəm. Təhsil, elm sahəsində hansısa qanunların qəbul edilməsində töhfələr verə biləcəyimi düşünmüşəm. Ona görə də bütün iclasları yaxından izləyərək düşünürdüm ki, mən orda olsam bunları edərdim. Ən əsası bizə etimad göstərən insanların rifahının yaxşılaşdırılmasına, təhsilimizin inkişafına xidmət edən qanunlar qəbul edilsin. Əminəm ki, digər çağırışlarda olduğu kimi, beşinci çağırış boyu da belə qanunlar qəbul ediləcək.

Namizədliyim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürüləndə düşündüm ki, deputat seçilsəm, bütün bu istəklər həyata keçirilə bilər.

- Üzləşə biləcəyiniz heç bir çətinlikdən qorxmursunuz?

- Düzü, içimdə heç bir qorxu yoxdur. Uzun müddətdir ki, həm elmi, həm də ictimai fəaliyyətlə məşğulam. Mənə elə gəlir ki, bu gün elə bir zəmanədə yaşayırıq ki, xanımlarımız öz işlərini həyata keçirmək, öz məqsədlərinə çatmaq üçün heç bir maneə yoxdur. Ona görə də düşünürəm ki, elə bir çətinlik olmayacaq. Cəmiyyətimizdə kifayət qədər fəal qadınlarımız var. Onlar bizim üçün nümunədir. Gender bərabərliyi baxımından elə bir problem olmayacaq.

- Milli Məclisə deputat seçildiyiniz bəlli olanda yaxınlarınız arasında bu işin sizə həvalə olunmasına qısqanclıqla yanaşanlar oldumu?

- Heç bir irad bildirən olmadı. Çünki iş fəaliyyətim uzun müddətlidir. YAP Gəncə  təşkilatı qadınlar şurasının sədriyəm. Eyni zamanda, Gəncə təşkilatının sədr müaviniyəm. Qohum-əqrəba ictimai-siyasi fəaliyyətlə məşğul olduğumu bilirdilər.

- Bəs həyat yoldaşınızın mövqeyi necə oldu?

- Həyat yoldaşım bütün işlərimdə mənə dəstək olur. Əgər həyat yoldaşım mənə dəstək olmasa, yəqin ki, bu işləri görə bilməzdim.

- Bilmək olarmı, yoldaşınız nə işlə məşğuldur?

- Əlbəttə. Həyat yoldaşım sahibkarlıqla məşğuldur.

- Belə deyək də, ictimai-siyasi işinizə tamam yad adamdır.                              

- Bizim ailədə peşəsindən asılı olmayaraq hamı bir nəfər kimi dövlətinə sadiqdir.

- Yəqin ki, bundan sonra həyat yoldaşınızın dəstəyinə daha çox ehtiyacınız olacaq?

- Həyat yoldaşım buraya qədər mənə hər zaman dəstək olub. Bundan sonra isə onun dəstəyinə daha çox ehtiyacım olacaq. Əminəm ki, bütün işlərimdə olduğu kimi deputat fəaliyyətim dövründə də  məni dəstəkləyəcək. Həyat yoldaşım bu gün də yanımdadır. Hər zaman da yanımda olacaq.

- İşinizin çox hissəsi Gəncə şəhəri ilə bağlıdır. Gəncə daimi yaşayış yeriniz olmaqla yanaşı, universitet və ictimai-siyasi işləriniz də oradadır. Deputat fəaliyyətinizlə bağlı tez-tez Bakıya gedib-gəlməli olacaqsınız. Daimi olaraq Bakıya köçmək barədə düşünmürsünüz ki?

- Bütün iclaslarda iştirak edəcəm. Bildiyiniz kimi artıq birinci iclas başa çatıb. Amma əsas amalım seçicilərimin yanında olmaqdır ki, bunun üçün Gəncədə yaşamağa davam edəcəm.

- Deputatlığınız hakim partiya tərəfindən irəli sürülən zaman gəncəlilərin reaksiyası necə idi?

- Gəncədə yaşayan hər kəs məni tanıyır. Tədbirlərdə kifayət qədər çıxışlarım olub. Ona görə də deputatlığa namizədliyim irəli sürüləndə heç kəs təəccüblənmədi. Hər kəs "Gəncədən qadın namizəd olacaqsa, o da sən olacaqsan"- deyirdi. Həm də indi elə bir dövlətdə yaşayırıq ki, insanın qabiliyyətinə qiymət verilir. Yenə deyirəm. Partiyadan namizədliyim irəli sürülübsə deməli, fəaliyyətə qiymət verilib.

Bildiyiniz kimi Milli Məclisdə qadınlarla bağlı yeni komitə yaradılıb. Düşünürəm ki, həmin komitədə  qadınlarla bağlı qanunların yazılmasında fəal iştirak etməyə çalışacam. Seçildiyim dairədən olan qadınların sözlərini də deyəcəm. Gəncədə Qadınlar Şurasını təmsil edirəm. Gəncə təşkilatı ölkə üzrə  YAP-ı təmsil edənlərin çoxsaylı təşkilatıdır. Çox maraqlı faktdır ki, bu təşkilatın 60%-dən çoxunu qadınlar təşkil edir.

- Milli Məclisin yeni tərkibinin ilk sessiyasına siz də qatıldınız. İlk tanışlıq necə keçdi? Əvvəlki xanım deputatlar yeni xanım həmkarlarını necə qarşıladı?

- Hər bir azərbaycanlı qadın üçün ən böyük örnək Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır. Ona görə də şadam ki, Milli Məclisdə o təmsil olunduğu yerdə mən də varam. Xanım deputatların bir neçəsi ilə öncədən qadınlar şurasının tədbirlərində  görüşmüşdük.

Məsələn, Məlahət İbrahimqızı ilə yaxşı münasibətimiz var. Tanımadıqlarımızla da ilk iclas zamanı tanış olduq. Zeynəb Xanlarova böyüklük göstərərək yeni seçilən deputatları təbrik etdi. Ümumiyyətlə, yeni seçilən deputatlara xüsusi qayğı göstərildi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.