Ölkə

Azərbaycanlı akademik ölərkən əlində telefon olub, xanımı komada - YENİLƏNİB

27 Noyabr 2015 14:12
26 Şərh     Baxış: 13 848
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:12

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin həyat yoldaşı Tamara Hacıyeva hazırda komadadır.

Bunu Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, dəm qazından zəhərlənmiş T.Hacıyevanın vəziyyəti çox ağır qiymətləndirilir: "Vəziyyıtin gedişatı onu göstərir ki, bu krizis hələ davam edəcək. Onun hələ bir necə gün ərzində komada qalacağı ehtimal edilir. Ancaq indi müayinələr aparılır və müvafiq tədbirlər də görülür".

---------

14:01

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin ölümünün təfərrüatları məlum olub.

Mərhumun yaxınlarının Trend-ə verdiyi məlumata görə, mərhum akademik həyat yoldaşı Tamara Hacıyeva ilə birlikdə bu gün səhər saatlarında dəm qazından zəhərlənib. Xəstəxanaya yerləşdirilən T.Hacıyevanın vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, T.Hacıyev ölən zaman əlində mobil telefon olub. Deyilənə görə, o, özü telefonla köməyə adam cağırmağa cəhd etsə də, mümkün olmayıb. Mənzilin qapısı bağlı olduğundan onları xilas etmək istəyən FHN işçiləri qapını sındırmaqla icəriyə daxil olublar.

T.Hacıyev institutun Elmi Şurasının iclasında iştirak etməyə hazırlaşırmış. Bu gün həm də T.Hacıyevin nəticəsi - yeganə oğlu, fizika üzrə fəlsəfə elmləri doktoru Azər Hacıyevin nəvəsinin 5 yaşı tamam olurdu. T.Hacıyev həyat yoldaşı ilə birlikdə bu gün həm də həmin məcslidə iştirak etməli imişlər. T.Hacıyevin bir oğlu isə bir necə il əvvəl dənizdə boğularaq dünyasını dəyişib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatına görə, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 2 nəfər bağlı qapı arxasında qalib. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açmış, 1936-cı il təvəllüdlü Hacıyev Tofiq İsmayıl oğlunun cəsədi və 1 nəfəri huşsuz vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər.

---------

12:23

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev vəfat edib.

Dilçilik İnstitutundan APA-ya verilən məlumata görə, Tofiq Hacıyev dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Tofiq Hacıyevin ailəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, akademik bu gün səhər saatlarında yaşadığı evin hamamında dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Qeyd edək ki, Tofiq Hacıyev 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib və dilçilik ixtisası üzrə aspiranturaya daxil olub. 1962-ci ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyaları müdafiə edib.

1962-1968-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda işləyib. 1969-cu ildən Azərbaycan Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasında çalışmağa başlayıb. 1970-ci ildən Türkologiya kafedrasının professoru, 1984-cü ildən həmin kafedranın müdiri olub.
Tofiq Hacıyevin "Sabir: qaynaqlar və sələflər" (1980), "Şeirimiz, nəsrimiz, ədəbi dilimiz" (1990), "Dədə Qorqud: dilimiz, düşüncəmiz" (1999) kitabları işıq üzü görüb. "Azərbaycan sovet ədəbiyyatı" (1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak edib. "Sabir: qaynaqlar və sələflər" (1980), "Şeirimiz, nəsrimiz, ədəbi dilimiz" (1990), "Dədə Qorqud: dilimiz, düşüncəmiz" (1999) kitabları işıq üzü görüb.

"Azərbaycan sovet ədəbiyyatı" (1988) dərsliyinin həmmüəllifi olub. "Azərbaycan ədəbi dili tarixi" (2-ci hissə, 1987) dərsliyinin, "Azərbaycan ədəbi dili tarixi" (1976), "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili tarixi" (1977), "Azərbaycan dili tarixi" (1983, Kamil Vəliyevlə birgə), "Azərbaycan dili" (1993, Zərifə Budaqova ilə birgə) kimi monoqrafiya və dərs vəsaitlərinin müəllifidir.

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü Tofiq Hacıyev 438 məqalənin, 11 monoqrafiyanın, 34 kitabın müəllifi olub, 19 elmlər namizədi və 4 elmlər doktoru yetişdirib. Türkiyə Cümhuriyyətinin "Ləyaqət nişanı" ilə təltif olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.