Ölkə

Şəhid Mübariz İbrahimova həsr edilmiş cizgi-romanının təfərrüatları - FOTO

13 Oktyabr 2015 14:48
12 Şərh     Baxış: 6 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli qəhrəman Mübariz İbrahimov haqqında Azərbaycanın ilk cizgi-romanı hazırlanır. Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin ssenarisi əsasında hazırlanan kitabın son variantı şəhidin atasına göstərildikdən sonra çap olunacaq. 

Bu barədə Milli.Az-a açıqlamasında Şəmil Sadiq məlumat verib. 

Romanın yaranma ideyasından danışan ssenarist deyib ki,  bu gün ədəbiyyatın, mədəniyyətin gördüyü işi heç nə görə bilmir: "Bir millətin tarixini də məhz bədii əsərlər yaşadır, gəncliyə ötürür, aşılayır. Bunun üçün Suat Turqutun İbad Hüseynov üçün hazırladığı cizgi-romanını dilimizə tərcümə edəndə düşündüm ki, Milli qəhrəmanımız Mübariz İbrahimov haqqında da belə bir roman hazırlayaq". 

Müəllif bildirib ki, Azərbaycanda cizgi-roman janrında, demək olar ki, əsər yoxdur: "İlk dəfə "Qorxunu öldürən qəhrəman" kitabını mən dilimizə türkcədən uyğunlaşdırmışam. Onu da deyim ki, təəssüflər olsun ki, millət aşiqi Suat Turqutun böyük sevgi ilə hazırladığı bu kitab ölkəmizdə öz dəyərini almadı. Amma onu oxuyan çox məktəbli var ki, kitabdan böyük həvəslə danışır və onların düşüncəsinə yaxın üslubda hazırlanmasına görə müəllifə təşəkkür edir. Buna baxmayaraq, mən hələ də ümidliyəm ki, kitaba münasibət daha da yaxşılaşacaq və valideynlərimiz övladlarına beyinləri zəhərləyən məhsulları yox, məhz milli düşüncənin formalaşmasına xidmət edən kitablar oxudacaqlar. Etiraf edək ki, uşaq ədəbiyyatı sahəsində hələ xeyli iş görülməlidir. Bizim hazırladığımız yeni kitab da bu istiqamətdəki addımlardan biridir. Çünki uşaq bu cür cizgi-romanları oxuyanda özünü sanki filmə baxırmış kimi hiss edir. Vərəqlər aləmində şəkilləri öz fantaziyasına uyğun hərəkətə gətirir. Kitabın rəssamı Vasif Səftərovdur. Məncə, bunu rəssamlıq sənətində də yeni janr hesab etmək olar. Ssenari çoxdan bitib. Vasif də artıq yekunlaşdırmaq üzrədir. Düşünürəm ki, cizgi-romanı yeni ildə təqdim edəcəyik". 

Ş.Sadiq əlavə edib ki, iki ildən çoxdur üstündə işlənən bu layihə şəhid Mübarizin ailəsinə də bir hədiyyə olacaq: "Bir dəfə atası ilə görüşəndə bu haqda danışmışdım. Amma kitabın son variantını hökmən göstərib çap edəcəyik. Çünki kitabda Milli qəhrəmanımızın uşaqlıqdan şəhidliyə qədər keçdiyi həyat yolu izlənilib. Uşaqlarımıza onun şücaəti və insanlığı təqdim olunub. Ümid edirəm ki, ürəyim istəyən kimi bir kitab, əsər ortaya qoyacağıq". 

İlkin İzzət

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.