Ölkə

İki nazirlik Bakı yollarını bölüşə bilmir

13 Oktyabr 2015 11:13
1 Şərh     Baxış: 1 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı yollarında yaşanan bəzi problemlərin səbəbi Nəqliyyat və Daxili İşlər nazirliklərinin nəzarətində olan işıqforlar arasında koordinasiyanın olmamasıdır.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İnnovativ inkişaf şöbəsinin rəisi Mirhəmid Bağırov Milli.Az-a açıqlamasında deyib ki, Bakı yollarında NİİM tərəfindən nəzarət olunan işıqforların işi həmin yollarda nəqliyyat vasitələrinin sıxlığı və intensivliyinin qeyd olunduğu hesabata əsasən, müvafiq qaydada tənzimlənir: "İşıqforlarda yaşıl və qırmızı işıqların nə vaxt yanıb-sönməsi bu hesabat əsasında xüsusi düsturla saniyəsinə qədər mütəmadi olaraq hesablanır. Hər şey yollarda hərəkət edən avtomobillərin sayından asılıdır. Əgər hesablamaları düzgün aparmasaq və işıqforlara, xüsusən də günün pik saatlarında, düzgün müdaxilə etməsək, qarışıqlıq yaranar. Təsəvvür edin ki, əgər bir yol kəsişməsində yaşıl işıq 5 saniyə gec və ya tez yansa, digər yollarda hansı vəziyyət yarana bilər. Əgər bu gün hansısa işıqforda müəyyən istiqamətə hərəkətə icazə verən yaşıl işıq cəmi 13 və ya 15 saniyə yanırsa, məsələn, bir aydan sonra bu müddət artırıla və ya haradasa çox yanırsa, azaldıla da bilər".

Şöbə rəisinin sözlərinə görə, işıqforların icazəverici və qadağanedici siqnal işıqlarının yanıb-sönməsi günün vaxtlarından, eləcə də günlərdən asılı olaraq dəyişir: "Məsələn, həftəsonu ilə adi günlərdə, eləcə də bayram günlərində işıqforların işıqlarının yanıb-sönmə vaxtları fərqli olur. İşıqforların işıqlarının yanıb-sönməsi vaxtı küçə və prospektlərdə təmir və yenidənqurma işləri aparılandan, bağlı yollar açılandan, yolların keçicilik qabiliyyəti artandan sonra da dəyişir".

Bununla yanaşı, NİİM rəsmisi iki dövlət qurumu arasında əlaqələndirmə işinin zəif olmasına görə müəyyən problemlər yaşandığını da açıqlayıb: "Məsələ bundadır ki, biz yalnız NİİM-in nəzarətində olan işıqforların işinə müdaxilə edə bilirik. DİN-in nəzarətində olan işıqforlarla bağlı isə koordinasiya problemimiz var. Biz həmin işıqforlara müdaxilə edə bilmirik. Bu koordinasiyanın olmaması isə bizim üçün çətinlik yaradır. Məsələn, biz bəzi yollarda "yaşıl dalğa" prinsipini tətbiq edirik. Lakin yol boyu ortada bəzi işıqforlar bizim nəzarətimizdə olmadığına görə problemlər yaranır. Çünki bir işıqforda işıq digəri ilə uyğun olmayan qaydada yanıb-sönsə, əlaqəlilik pozulur. Əgər cəmi 3-5 saniyə fərq olursa, artıq yollarda problem yaranır. Amma biz istərdik ki, yaxın gələcəkdə həmin işıqforlar da bizdə olsun ki, belə problemlər yaşanmasın. Hələ dəqiq deyə bilmərəm, amma həmin işıqforların da NİİM-in nəzarətinə verilməsi istisna olunmur".

Qeyd edək ki, Bakıda 280-dən çox işıqfor varsa, NİİM onun cəmi 150-nə müdaxilə və nəzarət edir. Qalanı Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) "Siqnal" İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi tərəfindən nizamlanır.

İlkin İzzət

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.