Ölkə

Şəkil çəkənlər Bakıya girişi iflic ediblər - YENİLƏNİB - FOTO

8 Oktyabr 2015 11:40
10 Şərh     Baxış: 7 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:40

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında baş vermiş sürüşmədən sonra Avtovağzala girişdə problem yaranıb. Bu da öz növbəsində yolda tıxacın yaranmasına gətirib çıxarıb. Bunun əsas səbəbi heç də baş vermiş hadisə yox, yoldan keçənlərin, bilən və bilməyənlərin hamısının yolu bağlaması, dayanıb şəkil və video çəkərək sıxlıq yaratması olub. 

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq NİİM-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.

NİİM rəsmisinin sözlərinə görə, ərazidə sürüşmənin baş verməsinə baxmayaraq, Avtovağzalın işində heç bir problem yoxdur, öz işini normal davam etdirir, yolda tıxac yaşanmır. 

Ş.Mehmanqızı qeyd edib ki, hadisənin nəticələri tezlikləri aradan qaldırılacaq: "Hadisə baş verəndən dərhal sonra həmin hissədə avtomobillərin hərəkət etməməsi və sürüşmənin Bakı-Sumqayıt yoluna təsir etməməsi üçün orada sədlər çəkildi. Yaranmış çatların üstü müvəqqəti olaraq asfaltlanaraq örtüldü. İşlərin gedişi, sürüşmənin nəticələrinin aradan qaldırılması üçün hansı tədbirlərin görülməsi lazım gəldiyi isə Fövqəladə Hallar Nazirliyinin yekun rəyindən asılı olacaq. Ərazidə təhlükəsizlik məsələlərinə ciddi nəzarət olunur və və qısa müddətdə düzəldiləcək. Çünki ərazinin belə şəkildə qalması çox təhlükəlidir". 

Qeyd edək ki, dünən, oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı istiqamətində sürüşmə baş verib. Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, Avtovağzalın yola yaxın həyətində iri çatlar yaranıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev Trend-ə bildirib ki, Bakı Avtovağzal Kompleksinin qarşısında baş verən sürüşmə, çökmənin əhatə dairəsi genişlənə bilər.

Onun sözlərinə görə, əgər yağış yağarsa, sürüşmə, çökmə ərazilərinin sahəsinin böyüyəcəyi ehimal edilir. Hadisənin ilkin səbəbinin isə həmin yerə yaxın ərazidə suvarılma işlərinin aparılması, atmosfer çöküntülərinin artıq olması güman edilir.
Nazirlik rəsmisinin sözlərinə görə, əvvəllər həmin ərazidə müəyyən problemlər olub, lakin əlavə təsirlər ərazidə qeyd edilən hadisənin baş verməsinə səbəb olub.

-----------

10:10

Bakının şimal girəcəyində DYP-nin Ekologiya postundan şəhər istiqamətində böyük sıxlıq və tıxac yaşanır, avtomobillərin hərəkəti, demək olar ki, iflic olub.

Milli.Az xəbər verir ki, bu gün səhər saatlarından etibarən Bakının şimal girəcəyində DYP-nin Ekologiya postundan şəhər istiqamətində böyük sıxlıq və tıxac yaşanır, avtomobillərin hərəkəti, demək olar ki, iflic olub. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Milli.Az-a problemin səbəbini belə izah edib: "Problem Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında baş vermiş sürüşmədən sonra sərnişin avtobuslarının yolun hərəkət hissəsində saxlanması ilə bağlıdır. Hazırda orada tıxac yoxdur, amma sıxlıq yaşanır. Avtobuslar Avtovağzaldakı sürüşmə səbəbindən onlar üçün ayrılmış yerə girə bilmədiklərindən yolun hərəkət hissəsində dayanırlar ki, bu da digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur".

Qeyd edək ki, dünən, oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı istiqamətində sürüşmə baş verib. Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, Avtovağzalın yola yaxın həyətində iri çatlar əmələ gəlib. Hazırda aidiyyəti qurumlar ərazidə müvafiq işlər aparır.

İlkin İzzət

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.