Ölkə

Yeni QADAĞAya görə yolları dəyişdirəcəklər

7 Oktyabr 2015 14:23
Baxış: 1 392
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda respublika əhəmiyyətli yollarda mal-qaranın hərəkəti üçün xüsusi keçidlər inşa edilir.

Milli Məclisin oktyabrın 6-da keçirilən plenar iclasında "Yol hərəkəti haqqında" Qanuna dəyişiklik edilib. Dəyişikliklərə görə, avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılması, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qaranın aparılması, avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsi qadağan olunur. Qanunun müzakirəsi zamanı bu qadağanın xüsusən bölgələrdə heyvandarlıqla məşğul olan əhali üçün narahatlıq yaradacağını bildiriblər. Ona görə də onlar yollarda heyvanlar üçün ayrıca keçidlərin tikilməsini təklif ediblər.

Bununla bağlı Milli.Az-ın sorğusunu cavablandıran Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirib ki, artıq Azərbaycanda yeni layihələndirilən bütün magistral və respublika əhəmiyyətli yollarda heyvanların da keçə bilməsi üçün yeraltı tunellərin tikintisi nəzərdə tutulur:

"Sovet vaxtı bu məsələ o qədər önəm kəsb etmirdi. Çünki insanlar da, mal-qara da yolun üstü ilə hərəkət edirdilər. İndi isə yollarda sürət həddi artdığına görə, vəziyyət dəyişib və heyvanların yolun üstü ilə keçməsi təhlükə yaradır. Ona görə də həmin yollarda yeraltı keçidlər inşa edilir. Məsələn, Kürdəmir-Yevlax avtomobil yolunda 25 belə keçid olacaq. Onlarda 13-ü artıq istifadə verilib, daha 12-sinin inşası isə davam edir. Yenidən qurulan digər, Bakı-Quba-Rusiya sərhədi, Bakı-Şamaxı, Şamaxı-Yevlax, Hacıqabul-Kürdəmir, Kürdəmir-Yevlax-Gəncə-Qazax yollarında, o cümlədən yeni inşa edilən Ələt-Astara-İran sərhədi yollarında onlarla belə alt keçidlər inşa ediləcək. Onlardan bəziləri yalnız insanlar, bəziləri isə həm insanlar, həm də eyni zamanda mal-qara üçün nəzərdə tutulur".

Qeyd edək ki, Milli Məclis tərəfindən dünən İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, avtomobil yollarının qorunması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 30 manatdan 50 manatadək, hüquqi şəxslər 100 manatdan 150 manatadək cərimələnəcəklər.

"Yol hərəkəti haqqında" Qanuna edilən dəyişikliklərdə əksini tapan bir sıra məsələlərlə yanaşı, mal-qaranın respublika əhəmiyyətli avtomobil yolları ilə aparılması və otarılması qadağan edilir. Dəyişikliyə əsasən, artıq avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılması, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qaranın aparılması, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsi qadağandır.

İlkin İzzət

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.