Ölkə

"Bir amerikan klassikası"nın azərbaycansayağı taleyi - REPORTAJ - FOTO

7 Oktyabr 2015 11:06
4 Şərh     Baxış: 15 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu cür mənzərəni daha çox amerikan melodramlarında görmək olur. İş adamı (və ya iş qadını) səhər evdən işə getmək üzrə yola çıxır, acdır, tələsdiyi üçün səhər yeməyini yeməyib və... Bir kafeyə girir, satıcı onu görən kimi "hər zamankından, deyilmi" deyərək gülümsünür, 3 dəqiqə ərzində qəhvəsi və yanında kökəsi hazırdır. Və o, aldıqlarını nuş edə-edə işə doğru yol alır. Necə deyərlər, bir amerikan klassikası...

Qəhvəxorların vətənində - Avropada belə məkanlar bəs deyincədir. Hər bir avropalının doğma bir kafesi, saatlarla oturub bir stəkan qəhvəsini qurtum-qurtum içəcəyi bir məkanı var. Və təbii ki, onların sırasında brendlər üstünlük təşkil edir. "Olmazsa olmaz"lar, dillərə dastan servisi, keyfiyyəti olan kafelər...

"O əjdaha"dan bizdə də var...

Sentyabrın 16-da Bakıda belə brendlərdən biri - "Starbucks Coffee" açılıb. Eyniadlı şirkətin "Alshaya Azerbaijan" MMC ilə birlikdə Azərbaycanda açılan ilk mağazasının ünvanı isə Port Baku olub. Gedənlər getməyənlərə xəbər edib - tərifləyən də var, tənqid edən də... "Yeni Müsavat"ın müxbiri isə dünyaca məşhur brendin Bakı həyatını görmək üçün bir saata yaxın müddət orada olub. Müşahidələrini aparıb, oradakı insanlarla söhbətləşib, qiymətlərlə maraqlanıb... və ortaya hər zaman olduğu kimi "burası Azərbaycan" mənzərəli nəticə çıxıb.
Amma sözügedən məkanda müşahidələrimizi tək aparmamaq qərarına gəldik. Dünyanın bir çox ölkələrində səfərdə olmuş, 3 ilə yaxın Amerikada yaşamış, Harvard məzunu, gənc siyasətçi Bəxtiyar Hacıyevlə bir sabah qəhvəsi içmək üçün saat 12-də vədələşdik. Onun gördüyü Starbucks-lar və Bakı reallığı.. deyə paralel aparmaq istədik. Üstəlik, müsahibimiz uzun müddət sosial şəbəkədə bu məkanın təbliğatını aparmış, onun Bakıda açılması üçün çağırışlar etmiş birisidir. Birgə qəhvə içək, müşahidə edək və təəssüratlarımızı bölüşək deyə bir araya gəldik...

Nahar qiymətinə bir stəkan qəhvə...

Budur, sözügedən məkanın qabağındayıq. Müsahibim və fotoqrafımız Məhəmməd məndən 10 dəqiqə öncə gəldikləri üçün müşahidə aparmaq imkanları da olub. İkimərtəbəli kafenin ikinci və daha sakit mərtəbəsində oturmadan öncə qəhvələrimizi sifariş edirik. Elə ilk təəssürat da burada  - qiymətləri öyrənən zaman yaranır. Bir neçəsini diqqətə çatdıraq:  

Espresso - 5.20 - 5.70 AZN (ən kiçik və ən böyük ölçü)
Mocha - 5.60 - 7.30 AZN
Strawberries and cream - 5.60 - 7.30 AZN
Chocalate Cream - 5.60 - 7.30 AZN
Hot Chocolate - 4.10 - 5.40 AZN
Caramel Hazelnut  - 5.20 -6.50 AZN
Cafe Latte - 3.30 -4.50 AZN
Cramel Latte - 3.30 - 4.50 AZN
Caramel Mocchiato - 4.00 -5.00 AZN

Bu, içkilərdən bəziləri. Amma qəlyanaltı üçün təqdim edilən təamların qiyməti də "ceyran belində" idi. Bir neçə örnək: 1 dilim şokoladlı yer fıstıqlı tortun qiyməti 7.50 AZN, 1 dilim Mozaik tortun qiyməti 5.50 AZN, 1 dilim Bella Vista adlı kokoslu keksin qiyməti isə 6.00 AZN idi. Bu isə orta statistik azərbaycanlı müştəri üçün yetərincə bahalı sayılırdı. Bu haqda bir qədər sonra...

Qlamurlar, varlılar, bir sözlə, lüksü sevənlərin məkanı

Kafenin özəlliklərindən biri də odur ki, aldığınız  qəhvənin karton qabının üzərinə adlarınızı yazırlar. Bu da sizə özəl olduğunuzu hiss etdirmək məqsədi daşıyır. Etdirirmi? Satıcılar bizə üzərində adlarımız olan qəhvələri təqdim edəndən sonra ikinci mərtəbəyə qalxırıq. Bir məqamı da nəzərə çatdırım ki, əksər fast-foodlarda olduğu kimi, burada da özünəxidmətdir - növbəyə dayanıb sifarişlərinizi verməli və sifarişinizi alandan sonra onları oturmaq istədiyiniz boş masalara apamalısınız. Yeməyini, qəhvəsini bitirən müştəri boşalmış qabı zibil qutusuna özü də ata bilər, bu işi görmək üçün kafenin işçisi də gələ bilər.

Qələbəlikdən uzaq, lanç saatı olmasına baxmayaraq, azsaylı müştərilərin olduğu kafedə nəzəri cəlb edən daha bir məqam isə müştərilərin kontingenti idi. Daha çox qlamur xanımlar, dəbdəbəli geyimi, bahalı telefonları, maşınları olan gənclərin uğradığı məkan... Çox güman ki, bu da yuxarıda yazdığımız qiymətlərin bahalığı ilə bağlı idi.

Bəxtiyar bəylə bu məkanı, qəhvənin, sözügedən məkanın fəlsəfəsini açmadan öncə isə... bu məkanla bağlı arayış xarakterli məlumat verək. "Starbucks Coffee İnternasional" və "Alshaya" 1999-cu ildən birgə pərakəndə "Starbucks" mağazaları açırlar. "Starbucks" - 1971-ci ildə ABŞ-da yaradılan "fastfood" şəbəkəsidir. Şəbəkənin mərkəzi Amerika Birləşmiş Ştatlarının Vaşinqton əyalətinin Sietl şəhərindədir. İlk "Starbucks" mağazası 1971-ci ildə müəllim Jerry Baldvin və Zev Siegel ilə yazıçı Gordon Bovker tərəfindən açılıb. 1982-ci ildə iş adamı Hovard Schultz mağazanın sahiblərindən biri olub. Daha sonra o, "Starbucks"ın tək sahibinə çevrilib.

Dünyadakı "Starbucks"lar və bizdəki...

Bu belə... "Kafeyə girər-girməz ətrafı bürüyən xoş qəhvə qoxusunun müşayiəti ilə müsahibimizdən "Starbucks" sevgisinin səbəbini soruşuram. Deyir ki, əslində uzun müddət bu məkanın Bakıda açılmasını arzu edib və bu arzusunu tez-tez dilə gətirib. Bunun səbəbi isə 3 illik Amerika həyatı zamanı ona bağlılığı olub: "Amerikada 2 il təhsil aldığım, 1 il də işlədiyim müddətdə "Starbucks" həyatımın bir hissəsinə çevrilmişdi. Bu məkanın fəlsəfəsi də beldir ki, işləyən və təhsil alanlar üçün üçüncü bir məkan olaraq göstərilir. İnsanlar bəzən evdən işə, işdən-evə yox, getmək üçün üçüncü bir yer axtarırlar. Harada ki, özlərini rahat hiss edə bilirlər. Xüsusən də tələbələr - evdə və universitetdə dərs oxumaqdan sıxılanlar üçüncü bir yer kimi rahat ola biləcəkləri və qəhvə içə biləcəkləri bir məkan axtarırlar. "Starbucks" da elə bu məkanlardandır. Daha çox burada satılan qəhvə yox, "Starbucks" təcrübəsi insanları cəlb edir. Doğma bir mühitdə qalmaq, işləyə bilmək... çox xoşdur".

B.Hacıyev qəhvə tutqusunun səbəblərindən də danışır. Deyir ki, Vaşinqtonda işlədiyi zaman səhərlər yuxudan oyanan kimi "Starbucksa"a gedirmiş: "Gördüyünüz bu qutularda qəhvəmi alır, onu  içə-içə işə gedirdim. Bu, mənimçün bir ənənə idi. Amma Bakıda belə ənənə yoxdur. Eləcə də işdən evə gələn kimi paltarımı dəyişir, daha sonra yenə "Starbucks"a gedirdim. Çünki orada özümü bir çox halda evdəkindən daha rahat hiss edirdim.

"Starbucks"ın sirri bundadır: elə bir mühit yaradırlar ki, insan özünü müştəri kimi yox, həm də o icmanın bir hissəsi kimi hiss edir. Məsələn, başqa bir yerdə qəhvə içirsən, qəhvə bitən kimi dərhal ofisiantların nəzəri üzərinizdədir ki, başqa bir şey sifariş edəcəksizmi? Amma mənim Vaşinqtonda elə günlərim olub ki, 6-7 saat bir fincan qəhvə ilə orada oturub işlərimi görmüşəm və heç kim də mənə hər hansı söz deməyib. Adətən orada pulsuz internet verilir, 220 voltluq elektrik cərəyanı var ki, batareya bitəndə də siz kompüterinizi ora qoşub, işinizi davam edə biləsiz. Bir çox yerlərdə isə qəhvə tələbələrin dərs oxuması üçün gecə saatlarına qədər açıq olur. Məsələn, Corc Vaşinqton Universitetinin yaxınlığında yerləşən "Starbucks" tələbələrin imtahan vaxtı 24 saat işləyirdi. Bütün masalar dolu olurdu və siz orada qarşısında noutbuku və 20-25 ədəd vərəqi olan tələbələri oturmuş görə bilərdiz. Onlar internetdə araşdırmalar edir, oxuyurdular. Bu, evdən işləməkdən daha rahatdır".

Qiymət Amerikadakından iki dəfə bahadır

Müsahibimiz Bakıdakı kafenin qiymətlərinin baha olduğunu dedi: "Mən niyə amerikano sifariş etdim? Çünki orada qiymət stabildir. Sonuncu dəfə Amerikada olanda da amerikano almışdım. Qiyməti 2 dollar idi. Burada 4.50 manatdır. İkincisi, kontingent adətən 2 cür olur. Bir - ortayaşlı iş adamları, müxtəlif şirkətlərdə, qurumlarda işləyənlər.  İki - qlamur xanımlar. Amma tələbələr olan hissəsi yoxdur. Daha yaxşı olardı ki, bu kafe universitetlərin yanında olsun. Elmlər Akademiyası, İçərişəhərdə... olsa, tələbə kontingenti də bura gələ bilər. Üstəlik, qiymətlər aşağı olsa, daha məqsədəuyğun olar. Buradakı qiymətlər əhalinin orta gəliri ilə müqayisə edəndə kifayət qədər çoxdur. Azərbaycan vətəndaşının orta aylıq əmək haqqı amerikandan xeyli aşağıdır. Bu zaman fərq çox qabarıq görünür".

Müsahibimiz deyir ki, sözügedən şəbəkənin dünya üzrə əksər şəhərlərində müştəri ilə davranış qaydaları da olduqca nəzakətlidir. Əsas məqsəd müştəri ilə emosional bağlılıq qurmaqdır: "Yəqin ki, işçilər müəyyən bir təlimdən keçir ki, bu bağı necə yaratsınlar. Qutunun üzərində adın yazılması - bunun özü daha emosional bağlılıqdır. Başqa biri orada saatlarla otura bildiyinə görə özünü rahat hiss edir.  Sizə bir hekayə danışım. 2009-cu il idi, Amerikadan yenicə qayıtmışdım, qəhvə mağazalarından birində dostumuzla görüşdüm. 10 dəqiqə sonra qəhvəmizi bitirdik. 10 dəqiqədən bir 3 dəfə ofisiant yaxınlaşıb, "başqa bir şey sifariş edəcəksizmi" deyə soruşdu. Sonuncu dəfə də "hələ yox" cavabını eşidəndən sonra "mümkündürsə, yekunlaşdırardız, buraya başqa müştərilərimiz gələcəklər" cavabını dedilər. Bu kafedə onu eşitmək olmaz. Dəfələrlə olub ki, mənim qəhvə içmək həvəsim olmayıb, amma gedib "Starbucks"da oturmuşam".

Bəxtiyar bəy daha bir maraqlı müşahidəsini bölüşdü. Dedi ki, dünyada insanlar daha çox vaxta qənaət üçün bu məkana gəlirlər. Amma məsafə uzaq olsa, bunu etməzlər: "Məsələn, mən Elmlər Akademiyasında olsam, bir fincan qəhvəyə görə bura gəlmərəm. Şəhərin müxtəlif yerlərində olsun, kiçik-kiçik... Bura Bakının bir az fərqli hissəsidir. Bakının ortasında başqa bir məkandır sanki. Əhmədliyə gedəndə başqa mühitdir, bura gələndə başqa mühit. Başqa yerlədə ən azından böyük bir ərazi fərqlənir. Manhettenin başından ayağına qədər demək olar ki, eyni olur. Bruklinə gedəndə isə hiss olunur ki, təbəqə fərqi var. Amma Bakıda bu ada lap kiçikdir. Buradan 500 metr aralıya gedəndə görürsən ki, hər şey çox fərqlidir. İnsanların gəlir səviyyəsi, iş standartları fərqlidir".

Yaxşı, bəs müsahibimiz sözügedən məkanın Azərbaycanda yaşam şansını nə qədər görür? B.Hacıyevə görə, sözügedən firma, çox güman ki, böyük araşdırmadan sonra Bakıda filial açmaq qərarına gəlib: "Çox güman ki, məhz bu mühitə uyğun bazar olacaq. Tələbələr üçün Elmlər Akademiyasında filial açsalar, bu, tutacaq, ya yox, o da başqa mövzudur".

Sonda əməkdaşımız müşahidələrini - daha çox bahaçılıqla bağlı suallarına cavab almaq üçün şəbəkənin Bakı bölgəsi üzrə nümayəndəsi ilə danışmağa çalışdı. Amma nümayəndə bildirdi ki, bizim suallarımıza cavab vermək səlahiyyəti yoxdur. Bunun üçün Türkiyə üzrə təmsilçiləri olan Dilruba xanımla əlaqə saxlamağı məsləhət gördü. Əməkdaşımız gün ərzində Türkiyə nümayəndəsi ilə əlaqə saxlamağa çalışsa da, buna nail ola bilmədi. Mövzunu davam etdirəcəyik.

"Yeni Müsavat"

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.