Ölkə

"Dedi, ərini evdən çıxart, səni saxlayaram..." - REPORTAJ - FOTO

1 Oktyabr 2015 16:14
65 Şərh     Baxış: 22 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeddi yaşından ata və anasını itirib, heç vaxt məktəbə getməyib, öz təvəllüdünü belə doğru-düzgün bilmir, töküntülər içərisində yaşayır və 6 yaşlı qızı qəzada ayağından yaralanıb...

Bütün bunlar qafqazinfo-ya müraciət edən 28 yaşlı Sərvan Xasməmmədovun başına gəlib. Onların yaşadığı daxma 10-12 kvadratmetdir və köhnə zavodun dağılmış beton layları arasındadır.

Bu ilin mayın 3-də onun böyük qızı olan 2009-ci il təvəllüdlü Nərgizi yolun kənarında dayanıb gözlədiyi vaxt maşın vurub.

Nərgiz doğum haqqında şəhadətnaməsi olmadığı üçün məktəbə gedə bilmir.

Anası Züleyxa Xasməmmədova şəhadətnamə almağa imkanlarının olmadığını dedi: "Özü istəyir məktəbə getsin, amma indi də sənədini götürməyə imkanımız yoxdur. Balaca qızım Zəhranın da 4 yaşı var, onun da sənədi yoxdur".

Atası Sərvanın nə iş gördüyünü öz dediyi ifadələrlə təsvir edək: "Zir-zibillikdən dəmir yığıram, düşürəm bütün şəhəri gəzirəm. Yoldaşım da işləmir. Ev kirayəsi 100 manatdı, zülmlə dolanırıq".

Nərgiz anası Züleyxanın böyrünə qısılıb hadisəni özü belə nəql edir: "Mən yolun qırağında gözləyirdim, istəyirdim ki, "turba"nın üstünə çıxam. Maşınların hamısı keçib getdi, bir ağ maşın gəlib vurdu. Sonra qıçım qıraqdakı betonla maşın arasında qalıb əzildi".

""Clear" restoranının qabağında yolu keçmək istəyəndə vurublar, mən görməmişəm. Bir də gördüm ki, qucağında uşağı gətirib dedi ki, yolda vurdum. Amma dedi, heç kimə şikayət eləmə. Bir dəfə müalicə etdirdi, sonradan yaxın durmurlar. Telefonlarını söndürüblər, yerlərini də bilmirik" - anası isə qəza gününü belə xatırlayır.

Sərvan Xasməmmədovun oxuma-yazma bilmədiklərinə görə aldadıldıqlarını deyir: "Nə yoldaşım, nə də mən məktəbə getmişik. Nə də yaza bilirik. Yetim adam olmuşam. Nə müstəntiqin adını bilirəm, nə vuranı tanıyıram. Heç soyadını da soruşmamışam. Biz polisdə şikayətçi olmadığımızı dedik, ərizəni də verdik. Yazdılar qol çəkdim, amma dedim ki, uşağı müalicə etdirsin. Mən indi də təzədən şikayət etməyəcəyəm, kişi kimi o vaxt sözümü bir dəfə demişəm, amma o da kişi kimi sözünün üstündə dursun. Yoldaşıma nə gəldi deyib, sonradan mən bildim".

Valideynlər qızlarını vuran şəxsin yalnız adının Rövşən olduğunu və Naxçıvandan olduğunu bilirlər. Rövşən bunlara Nərimanov rayonunda yaşadığını deyib.

Rövşənin arvadı Zema deyilən qadın qızın anası Züleyxanı təhdid edib: "Əvvəlki müalicəni də mən onlarla dava edə-edə etdirdim. Sonra mənə dedi ki, get hara şikayət edirsən et, mən ərimi buraxdıracağam. Evə gələndə uşağa deyir ki, səni maşın vuranda anan hansı kişi ilə idi? O sözündən sonra onunla dava etdim".

Hələ də sərbəst gəzə bilməyən Nərgizin atası Sərvan deyir ki, qızını vuranın arvadı bütün işləri həll edir: "Arvad zəng etdi, dedim ki, həkim deyib gips dəyişməlidi. Mənim də vallah imkanım yoxdu. Dedi sabah adam göndərəcəyəm, gəlib həkimə aparacaq. Amma heç kim gəlmədi, telefonlarını da söndürüblər. Uşaq da bu vəziyyətdə qalıb... Avamlığımızdan istifadə etdilər, mən də utanıram ondan müalicə üçün pul istəməyə..."

Züleyxa isə sonradan Rövşənin əxlaqsız təkliflər etdiyini deyir: "Telefonda mənə deyirdi ki, ərini evdən çıxart, mən gəlib səni saxlayaram, uşağa da baxaram. Deyir səni mən saxlayaram, nə lazımdı edərəm".

Sərvan deyir ki, həmin adamdan tək istəyi gəlib uşağı sona kimi müalicə etdirməsidir: "Qız uşağı gələcəyi indidən niyə məhv olmalıdı? Uşaqların arasına çıxanda utanır, oynaya bilmir. Lağ edir yoldaşları, deyirlər sən topalsan. O da bütün günü evdə oturub çölə çıxmır. Deyir ata məktəbə getmək istəyirəm. Evdə bir köhnə televizorumuz var, amma antenası yoxdu deyə nəyəsə baxıb başını qarışdıra bilmir".

Əslən Qəbələnin Dizaxlı kəndindən olan valideynlərin orada da yaşayacaq evləri yoxdur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.