Ölkə

Binəqədidə yanmış binaya görə həbs edilənlərlə bağlı YENİ XƏBƏR

3 Sentyabr 2015 11:11
1 Şərh     Baxış: 1 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı tutulmuş 4 nəfər barəsində seçilmiş həbs qəti imkan tədbirinin müddəti uzadılıb.

Trend xəbər verir ki, məhkəmənin qərarı ilə onların barəsində qəbul edilən həbs qətimkan tədbiri daha 4 ay müddətinə artırılıb.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, 2015-ci il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə hadisənin çoxlu sayda zərərçəkmişləri və 200-dən artıq şahidləri dindirilib, yanğının baş vermə səbəbləri, yanğın nəticəsində vurulmuş ziyanın müəyyənləşdirilməsi məqsədilə iş üzrə məhkəmə-yanğın-texniki, tikinti-texniki, fiziki-kimyəvi, məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib, eyni zamanda, müvafiq prosessual hərəkətlər yerinə yetirilir.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan "poliuretan" məmulatını istehsal edən "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov mayın 21-də Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış "Global Construction" şirkətinin rəhbəri Miryusif Mahmudov barəsində də bu maddələr üzrə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.