Ölkə

Cavid Hüseynovla bağlı qərar verildi - YENİLƏNİB

31 Avqust 2015 17:05
38 Şərh     Baxış: 9 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:05

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan futbolçu Cavid Hüseynovun apellyasiya şikayətinə baxılıb.

C.Hüseynovun vəkili Adəm Məmmədovun APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib.  

-----------

11:22

Bu gün saat 16:00-da Bakı Apellyasiya Məhkəməsində "Qəbələ"nin həbsdə olan futbolçusu Cavid Hüseynovla bağlı şikayətə baxılacaq.

Milli.Az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında futbolçunun vəkili Adəm Məmmədov deyib.

Bundan öncə Səbail rayon Məhkəməsi C.Hüseynov haqda həbs-qətimkan tədbirinin ev qustaqlığı ilə əvəz olunması üçün qaldırılan vəsatəti təmin etməyib. Onun vəkili Adəm Məmmədov məhkəminin qərarından şikayəti verib.

Qeyd edək ki, avqustun 8-də jurnalist Rasim Əliyev Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

Rəsmi məlumata görə, Cavid Hüseynov avqustun 6-da "Qəbələ" futbol klubunun heyətində Kipr Respublikasının "Apollon" futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi "Facebook" səhifəsində tənqidi fikirlər yazmış Ann.tv-nin videoreportyoru Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib. Bundan sonra C.Hüseynovun bibisi oğlu, Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə, özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevlə birlikdə avqustun 8-də onunla görüşüb. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Həmin şəxslər Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda ) maddəsi ilə təqsirli bilinib və barələrində həbs qətimkan tədbiri seçilib.

İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun, bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.