Ölkə

Bakı çimərliklərində qiymətlər əl yandırır

7 İyul 2015 17:19
1 Şərh     Baxış: 4 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq bir müddətdir ki, çimərlik mövsümü başlayıb. İnsanlar qızmar istidən qaçıb sərinlənmək, dincəlmək üçün çimərliklərə üz tutur. Bakı çimərliklərinin sayı çox olduğu kimi qiymətləri də müxtəlifdir. Xüsusi nəzarətdə, hər bir şəraiti olan çimərliklər baha, ümumi çimərliklər isə onlara nisbətən bir qədər ucuzdur.

Amma qiyməti üçün "baha" dediyimiz çimərliklərdə xidmətlər də ürəkaçan və yüksək səviyyədədir. Belə çimərliklərdə giriş qiyməti 20 manatdan başlayır. Sonra sifariş edəcəyiniz qida, içki və s.-in qiyməti isə ümumi çimərliklərdə olan qiymətlərdən iki dəfə bahadır. Təbii ki, burada ürəyinizi açacaq canlı musiqi, geniş rəqs meydançaları da mövcuddur. Belə çimərlikdə 5-6 saat dincəlmək, istirahət etmək 4 nəfərlik ailə üçün 200-250 manata başa gəlir. Novxanıdakı AFF oteldə giriş qiyməti adambaşına 15 manatdan başlayır. Mərdəkanda fəaliyyət göstərən "Dalga Beach-Aqua Park" çimərliyinə giriş qiyməti həftəiçi 25 manat, şənbə-bazar günləri isə 35 manatdır. Nardaranda fəaliyyət göstərən "Sea Breeze hotel"də qiymətlər isə 20, həftəsonu isə 30 manatdır.

Bilgəhdə olan "Amburan" çimərliyində də qiymətlər fərqlidir. Burada qiymətlər həftənin günlərinə görə dəyişir. Belə ki, burada birinci gün qiymətlər 16 manat, 2-3-4-cü günlər 18 manat, cümə günü 20 manat, şənbə-bazar günləri isə 25 manatdır. Bu qiymətlərə hovuz, duş, "lejanka", qolf meydançası da daxildir. Şıxovda olan "Nar & Sharab" çimərliyinin giriş qiyməti isə 15 manatdır. Təbii ki, bu kimi yerlərə bir qədər imkanlı şəxslər üz tutur. Kasıb əhali isə nisbətən ucuz, yəni ümumi çimərliklərə gedir. Bura giriş pulsuz olsa da, başqa hər şey pulludur, amma bir az ucuz.

Üz tutduğumuz Novxanı ümumi çimərliklərində də qiymətlər fərqli deyil. Çətir və masa 10 manat, "lejanka" 3 manat, duş 1 manat, "soyunma otağı" 50 qəpikdir. Dənizkənarında qamışla qapalı kotejlər olsa da, kotejlərə çox adam üstünlük vermir. Çünki həm qiyməti bahadır (20 manat), həm də sakinlər masa götürməyə, qum üzərində uzanmağa daha çox üstünlük verir.

Sahilboyu at çapmağı, dəvə minməyi təklif edənlər də az deyil.

Əslən Cəbrayıl rayonundan olan 20 yaşlı Murad deyir ki, hər il bura at gətirir. "10 dəqiqəsi 2 manata verirəm. Amma çox az adam 10 dəqiqə çapır. Bəziləri elə ata minən kimi düşürlər. Yüksəklik və tarazlığın pozulması bəzi insanları bundan çəkindirir. Burada çox uşaqlar var ki, bu işlə məşğuldur. Amma hər kəsin ruzisini Allah verir. Biz dava etmirik. Mənim atım Qarabağ cinsidir, gözəl qaçır. Düzdür, bunu ancaq başı çıxan anlaya bilir. Burada da atdan başı çıxan adam çox azdır. Hamının başı qarışıb özünə, istiyə, yeməyə".

Çimərlikdə dəvəyə 10 dəqiqəlik minmək 2 manat, şəkil çəkdirmək isə 1 manatdır. Sahil boyu, əlində tərəzi "çəkinizi öyrənin" deyib çığıran Ramiz dayı isə deyir ki, bu ildən burada tərəzi ilə gəzir. Gün ərzində heç olmasa 5-6 manatı olur. O da bu pulla ailəsini dolandırır. Tərəzidə bir dəfə çəkini öyrənmək 30 qəpikdir. Ramiz dayı deyir ki, tərəziyə ən çox qadınlar çıxır və çox zaman 30 qəpik deyil, 50 qəpik verirlər.

Sahil boyu qarğıdalı, tum, top, şar, fosforlu işıq səyyar satıcıların sayı isə çimərliyə gələnlərdən daha çoxdur. "İsti qarğıdalı 1 manat", "Semiçka var, semiçka" deyə qışqıra-qışqıra gəzən satıcılardan birinə yaxınlaşırıq. Deyir ki, belə qışqırdığı üçün günə mayadan əlavə 10-20 manat qazanır. "Ev yaxındadır, anam qarğıdalını qaynadır, mən də qardaşlarımla satıram. Qarğıdalının 6-nı 1 manata alırıq, birini 1 manata satırıq. Amma bir azdan bunun da qiyməti ucuzlaşcaq".

Novxanıda dənizin kənarında yan-yana düzülmüş onlarla istirahət mərkəzi var. Qiymətlər isə əl yandırır. Kabablar 4-7 manat, qutablar 50 qəpik-1 manat, sərin içkilər 1 litri 1 manata satılır.

İstirahət mərkəzlərinin birində ofisiant işləyən Ömərin sözlərinə görə, bu il əhali dəniz kənarına sanki xüsusi bir axın edib. "Bu il müştərilər çoxdur. Müştəri çox olduqca qiymətlər də yüksək olur. Bir də bu mərkəzlərin xüsusi müştəriləri var. Məsələn, axşam saat 6-dan sonra müştərisi olmayan bir mərkəzə girmək istəsən belə bir sualla qarşılaşacaqsan: "rezerv etdirmisinizmi?" Çünki müştəri həddən artıq çoxdur. Müştəri çoxluğu çox qazanc deməkdir. Amma bir şey də var, müştəri çox olduqca yeməklərin də keyfiyyəti azalır. Mən sadəcə ofisiantam və günü 20 manata işləyirəm. Ara-sıra "çayevoy" olsa da, bunu hamı vermir".

Ofisiantın sözlərinə görə, balıqların bütün növləri var və qiymətləri 5 manatdan 50 manata qədərdir. "Sac içi 15 manat, cücə qızartması 12 manat, tabakası 16 manat, kartof qızartması 3 manat, kabablar 4-8 manat arasındadır. İçkilərdən də hər cürəsi var. Qiymətlər müxtəlifdir. Sadə çay çayniki 3 manata, dəstgah 20 manata qədərdir".

Çimərlikdə FHN işçiləri ilə yanaşı, xüsusi çimərlik mərkəzlərinin özünün mühafizə xidməti işçiləri də fəaliyyət göstərir. Dənizə gələnlər qadağalara fikir verməslər də, FHN dalğıcları qüllədən onları nəzarətdə saxlayır və kömək lazım olduğu təqdirdə hadisə yerinə tez bir zamanda çata bilirlər. Sonda qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi adıçəkilən ərazilərdə beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab sutəmizləyici qurğu quraşdırıb. Bunun nəticəsində də dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalaraq, bağırsaq çöplərinin və şərti patogen bakteriya olan "Escherichia coli"nin miqdarı minimum həddə enib. Amma bütün bunlara baxmayaraq, Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsindəki çimərliklərdə ötən illərdə olduğu kimi, bu il də mikrobioloji baxımdan, çirklənmə var.

Ekspress.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.