Ölkə

""Space" nə edib ki, onu qapatsınlar?"

7 İyul 2015 10:19
2 Şərh     Baxış: 2 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Space" telekanalının efirində son günlər baş verən qalmaqallar gündəmi məşğul edib. Son bir həftədə iki ayrı-ayrı verilişdə qonaqların təhqir olunması ciddi qalmaqala səbəb olub. Artıq telekanalın rəhbəri Vaqif Mustafayev "Günaydın" verilişində baş verən "Sən fahişəsən!" qalmaqalı ilə bağlı Milli Televiziya və Radio Şurasına (MTRŞ) təqdimat göndərib və bütün sənədləri quruma təqdim edib. Son olaylardan sonra telekanalda ciddi kadr dəyişikliyi baş verdiyi, ixtisarlar edildiyi, işçilərin öz hesabına məzuniyyətə göndərildiyi deyilir.

Bu hadisələrlə bağlı "Space" kanalının icraçı direktoru Kamil Şahverdiyev "Yeni Müsavat"a danışdı.

- Son günlər kanalda baş verənlər, eləcə də verilişlərdəki qalmaqallar gündəmdə ciddi müzakirə olunur...

- "Space" kanalının üzərinə gəlirlər. Nəyə görəsini bilmirəm.

- Hər halda, sizin "Günaydın" verilişində yazar Əziz Musaoğlu müğənni Mətanət Əsədovanı "fahişə" adlandırıb. Başqa bir verilişdə aparıcı Səidə Sultan qonağına "səni cıraram" deyib... Bunlar da sıradan hallar deyil axı...

- Biz də tədbirlərimizi görmüşük. Milli Teleradio Şurasına bu barədə məlumat vermişik, rəsmi sənədləri göndərmişik. "Əsl şou" verilişinin aparıcısı dəyişdirildi. Sonra "Günaydın" verilişini də dayandırdıq. Baxmayaraq ki, ilin sonuna qədər bu verilişin müqaviləsi vardı, biz iyunun 17-də prosesi dayandırdıq. Yəni biz də efirdə buraxılan səhvlərə görə tədbirlər görürük, səhv edənlər də cəzalandırılır.

- Milli Teleradio Şurasına göndərdiyiniz təqdimatda nələr qeyd olunub?

- Biz orada aparıcıların dəyişdirilməsi haqqında məlumat vermişik. Çünki aparıcı etdiyi səhvə görə məsuliyyət daşıyırdı. Aparıcının cəzalandırılması barədə daxili sənədlərin surəti Milli Teleradio Şurasına göndərilib.

- Maraqlıdır, bu qalmaqallı verilişlər sizə reytinq qazandırırdımı?

- Əlbəttə. Amma bununla belə, deməliyəm ki, ən yüksək reytinq versə belə, orada efirə yaraşmayan ifadələrin səslənməsi xoşagəlməz haldır. Bu, olmamalıdır, bizə belə reytinq lazım deyil.

- "Space" ətrafında gedən bu qədər söz-söhbət onun qapadılması ilə nəticələnə bilərmi?

- Xeyr. "Space" nə edib ki, onun fəaliyyətini dayandırsınlar, efiri qapatsınlar?

- Kamil bəy, efirə çıxmadan öncə aparıcılara hansı təlimatlar verilir? Məsələn, hansı sözü demək olmaz, qonaqla necə davranmaq lazımdır və sair kimi....

- Əlbəttə, deyilir. Amma canlı yayımdır da. İnsandır, sözü deyib, o anı geri qaytarmaq, onu kəsmək mümkün deyil axı. Bu, aparıcının öz səhvidir ki, bu sözü işlədib, ya işlətməyib.

- Amma hiss olunur ki, aparıcılar da qalmaqalda maraqlıdırlar. Bəzən baş tutacağı, arzuolunmaz sözlərin səslənəcəyi hiss olunan bir davanı, atışmanı qızışdırdıqları ilk baxışdan özünü göstərir. Aparıcılara "qalmaqal yarat, reytinq qazanaq" kimi göstərişmi verilir telekanal rəhbərliyi tərəfindən?

- Xeyr, telekanal rəhbərliyi də sizin mövqedədir. Kim istəyər ki, efirində qalmaqal yaradılsın, belə sözlər eşidilsin? Biz də istəmirik. Ona görə də mübarizə aparırıq. Amma yenə də canlı efirdir və canlı efirdə heç kim heç nədən sığortalanmır. Bununla belə, məsuliyyət payı aparıcının üzərindədir. O, bu sözü işlətməməli olduğu halda işlədirsə, günah da ondadır. Ona görə də cəzalanır.

- Adını sadaladığınız verilişlərin aparıcılarını "Space" kanalından tamamilə uzaqlaşdırdınızmı?

- Onlar əslində kanalının əməkdaşları deyildilər. Prodakşn şirkətləri tərəfindən hazırlanmış proqramlar idi. Biz də o prodakşnlara şərt qoyduq ki, həmin aparıcıları dəyişdirsinlər.

- Media kuluarlarında dolaşan xəbərlərə görə, "Space" rəhbərliyi bəzi verilişləri bağlayır, işçiləri isə öz hesabına məzuniyyətə göndərir...

- Yox, bütün kanallarda olduğu kimi, yay vaxtı bəzi proqramlar məzuniyyətə gedir, bəziləri öz fəaliyyətini dayandırır. Amma bizdə bunun əksinə olaraq, yay dövründə bəzi yeni verilişlər də açılıb. Biz tamaşaçıları yeni proqramlarla sevindirəcəyik. İşçilər isə növbəli sistemlə öz qanuni məzuniyyətlərinə gedirlər.

"Yeni Müsavat"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.