Ölkə

Bakıda ramazanı alver, orucu fürsət bilənlər...

3 İyul 2015 10:55
0 Şərh     Baxış: 2 416
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məhəmməd Peyğəmbər orucunu əsasən su və xurma ilə açarmış. Müsəlmanlara da bu cür etməyi tövsiyə edərmiş. Peyğəmbər bunu suyun təmizlik, xurmanın isə bərəkətin əlaməti olması ilə izah edərmiş.

Bu tövsiyənin üstündən 14 əsr keçir. Bir çox ənənələr dəyişilib. Belə ki, bəzi insanlar artıq orucu adi su və xurma ilə açmaqla kifayətlənmirlər. Belə deyək, orucluq ayını sahur və iftar süfrəsində qəbul edəcəkləri təamlara əsasən, "mədə bayramı" kimi qəbul edirlər.

Əbəs deyil ki, hər birimiz sosial şəbəkələrdə kafe və restoranlarda çəkilərək paylaşılan bolluq içində olan iftar süfrələrinin fotolarının şahidi olmuşuq. Burada sual yaranır ki, nə vaxtdan ramazan ayı göstəriş ayına çevrilib?

Qəribəsi odur ki, bu iftar süfrələrinin başında oturan şəxslər sadəcə öz ailə üzvləri ilədirlər. Halbuki Məhəmməd Peyğəmbər sahur və iftar süfrələrinə tez-tez qonaq dəvət edərdi. Hətta deyilir ki, bir oruc tutan şəxsə iftar süfrəsi açmaq sizin savabınızı artırar.

Doğrusu, bilmirsən, burada günahı 66 manatlıq ramazan menyusu təklif edən restoran və kafe sahiblərində görəsən, yaxud həmin yerlərə bu qədər pul xərcləyən insanlarda? Sözsüz ki, tələbin olduğu yerdə təklif yaranır.

Ramazan menyusu adından belə biznesin iyi gəlir. Bu menyunu Yeni il menyusu və s. bayramlarla əlaqələndirsək, burada yanlış nəsə tapmağa dəyməz. Hamımız bilirik ki, ramazan ayının konsepsiyası ilə Yeni ilin konsepsiyası tamamən fərqlidir. Yəni Yeni il menyusu ola bilər, amma ramazan menyusu yox. Beləliklə, ramazan menyusu təklif edən kafe və restoranlar əslində, bu konsepsiyaya zidd hərəkət edirlər.

Maraqlı burasındadır ki, bu cür menyular təklif edən kafe və restoranların Bakıda kifayət qədər nüfuzunun olduğu hamıya bəllidir, bu halda onların gəlirləri də az olmamalıdır. 10-66 manat arası ramazan menyusu təklif edən restoran və kafelərin hər halda 10-15 nəfər üçün pulsuz iftar açmağında da elə də maliyyə çətinliyi olmamalıdır.

Düşünürəm ki, bu cür marketinq fəndləri edən iaşə obyektləri başa düşməlidirlər ki, onlar müştərini yadında 65 manatlıq ramazan menyusu təqdim edən restoran kimi deyil, mərhəmət ayında pulsuz iftar süfrəsi açan yer kimi qalmalıdırlar. Əlbəttə, ikincilər müştərinin yadında daha çox qalacaq.

Araşdırma zamanı məlum oldu ki, ramazan menyusunun qiyməti ilə yanaşı, menyuya daxil olan yeməklər də insanda çaşqınlıq yaradır. Sanki toy yeməkləri sənə təklif olunur (plov, toyuq buğlaması və s). Diqqətimi cəlb edən o oldu ki, əgər menyunun qiyməti aşağıdırsa sizə təklif olunan yeməklərin də çeşidi az olacaq. Pendir, salat və s. ilə kifayətlənməli olacaqsınız. Halbuki, islam paylaşmağı sevir. Buna görə, bu müqəddəs ayda kasıblarla zənginlər arasında elə də fərq qoyulmamalıdır.

Əlbəttə, düşünə bilərsiz ki, bu da biznesdir, nə yolla olursa-olsun pul qazanmaq lazımdır. Amma düşünürük ki, heç olmasa, bir ay biznessiz də yaşaya bilərik. Axı ramazan ayı müsəlmanların çəkdiyi əzablara yaxın olmağımız üçün bizə verilən müqəddəs aydır.
Bu ayda nəinki bəzilərimiz insanların əzablarına şərik oluruq, əskinə su üçün belə qiymət oxuyuruq.

Belə ki, müştərilərin biri ilə söhbətimiz zamanı aydın oldu ki, su içmək istəyən, bu məqsədlə kafeyə gedən şəxsə belə "ramazan qiyməti" oxuyaraq su verməyiblər. Həmin şəxs də bildirir ki, o vaxtdan həmin kafeyə bir dəfə də olsun getməyib. Məqalənin də əvvəlində qeyd etdiyimiz kimi, ikincilər, yəni ramazanda pulsuz iftar təklif edən kafe və restoranlar müştərinin yadında daha çox qalacaq.

Qeyd edək ki, paytaxtda fəaliyyət göstərən kafe və restoranlar bir nəfər üçün 5, 8, 9, 19, 18-25, 25, 11-13, 35, 45 manat arası "ramazan menyusu" təklif edirlər.

Bəzi yerlərdə 2 nəfər üçün qiymətlər 45, 65, 66 manata belə qalxır. Restoranların biri isə ən ucuz menyunu 5 manata "SATIR".

Araşdırma zamanı bəlli oldu ki, Azərbaycanda vəziyyət qonşu Türkiyədən yaxşıdır. Belə ki, əgər Azərbaycanda sadəcə ramazan menyusu təklif edirlərsə, Türkiyədə isə restoranların mənzərəli və ya mənzərəsiz, canlı musiqinin olub-olmamasına görə qiymətlər dəyişir. Hətta bəzi yerlər müştərini cəlb etmək üçün müxtəlif kampaniyalar həyata keçirir, limitsiz çay təklif edənlər, 50 nəfərdən çox şəxs olduqda qiymətdə endirimə belə gedənlər var.

Onu da əlavə edək ki, Azərbaycandan fərqli olaraq, Türkiyədə bu iş çox ciddi şəkildə biznesə çevrilib. Belə ki, axşam iftarı İstanbulda yerləşən restoranların birində keçirtmək istəyirsizsə, çox rahat şəkildə onlayn qeydiyyatdan keçə bilərsiz.

Belə ki, "Matbah Restaurant"-da limitsiz çay da daxil olmaqla, menyunun qiyməti 110 TL və ya 43 manatdır. Onlayn rezervasiya da mövcuddur.

"İstanbul Haliç Restaurant" limitsiz çay, üstəgəl, 50 nəfərdən çox olan müştərilərə endirim təklif edir.

"Asitane Restaurant"-da bir nəfər üçün ramazan menyusu 85 TL və ya 34 manat üstəgəl 8% ƏDV daxil.

"Padişah Restaurant" isə müştərilərə dəniz mənzərəsində iftar süfrəsi təklif edir. Hətta müştərilərin sayı çox olduqda, restoran ramazana məxsus canlı musiqini də menyuya daxil etməklə "SƏXAVƏTLİ"liyini göstərir.

"Yeşilbahçe Restaurant"-da "ramazan menyusu" 30 TL və ya 12 manat əvəzinə, 14 TL və ya 6 manatdır. Belə ki, bu yerdə xüsusi endirim aksiyası mövcuddur. Hətta diqqətimi çəkən o oldu ki, kampaniya keçiriləndən artıq 61 nəfər onlayn qeydiyyatdan keçib yer almışdı. Yəni, məqalədə də qeyd etdiyimiz kimi tələb olduğundan təklif yaranıb.

Oxu.Az məsələ ilə bağlı Azərbaycanın tanınmış ilahiyyatçısı Elşad Mirinin də fikirlərini alıb.

Onun sözlərinə görə, bu biznesdir, sahibkar da pul qazanmalıdır:

"Bu təcrübə bir çox ölkələrdə var. Hətta pulsuz iftar süfrəsi təqdim edən sahibkarların da şahidi olmuşam", - deyə o əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.