BAKU-2015

Bakı 2015 təhlükəsizliklə bağlı Nəqliyyat Nazirliyinin təşəbbüsünü dəstəklədi

22 May 2015 14:19
Baxış: 795
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı 2015 şəhərdə yol hərəkəti təhlükəsizliyi kampaniyası məqsədilə Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq edir. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, Avropa Oyunlarından əvvəl iyunun 12-də start götürəcək Bakı 2015 Bakıda sürücülər və piyadalar üçün yol hərəkəti təhlükəsizliyini təbliğ etmək məqsədilə Nəqliyyat Nazirliyinin yeni təşəbbüsünü dəstəklədiyini bəyan edir.

Yol hərəkəti təhlükəsizliyi məsələləri barədə ictimai məlumatlılığı artırmaq məqsədi daşıyan kampaniya sürücüləri və piyadaları təhlükəsizlik qaydaları haqqında təlimatlandırmaq üçün təşkil olunur.

Bu kampaniya sürücüləri və piyadaları mövcud yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl etməyə, sürücüləri xüsusi olaraq sürət həddini aşmaqdan, nəqliyyat vasitəsini aqressiv idarə etməkdən yayınmağa və təhlükəsizlik kəmərini bağlamağa həvəsləndirmək məqsədi daşıyır. Piyadalara isə yolu yalnız piyadalar üçün müəyyən olunmuş xüsusi piyada keçidlərindən istifadə edərək və müvafiq nişanlara əməl edərək keçmək lazım olduğu xatırladılır.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) bu yeni təşəbbüsə dəstəyini şərh edən BAOƏK-in Nəqliyyat şöbəsinin direktoru cənab Panayotis Protopsaltis qeyd edib: "Biz Nəqliyyat Nazirliyinin Bakıda yol təhlükəsizliyini təbliğ etmək üçün irəli sürdüyü yeni təşəbbüsünü dəstəkləyirik və sürücülər və piyadalar arasında yollarda təhlükəsiz hərəkət barədə məlumatlılığı artırmaq məqsədilə Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq edəcəyimizə ümid edirik".

Nəqliyyat nazirinin müavini Musa Pənahov isə qeyd edib: "Bakı 2015 İlk Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində Bakı şəhərinin yol-nəqliyyat infrastrukturu əsaslı surətdə təkmilləşdirilib. Yeni tikilmiş və təmir olunmuş yollar, yeni alınmış nəqliyyat vasitələri idmançıların, rəsmi heyətlərin və tamaşaçıların rahat və təhlükəsiz daşınmasına şərait yaratmaqla yanaşı, Bakı şəhərinə bir miras olaraq qalacaq və şəhərimizə xidmət edəcək. Görülən işlər çərçivəsində yol hərəkəti iştirakçılarının maarifləndirilməsi və yol hərəkəti təhlükəsizliyinin təbliği baxımından Nəqliyyat Nazirliyi və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən birgə həyata keçirilən Nəqliyyat Kommunikasiya Kampaniyası xüsusi əhəmiyyətə malikdir".

Kampaniya çərçivəsində yol hərəkəti təhlükəsizliyi haqqında sosial çarxlar da hazırlanıb və bu çarxlar milli televiziya kanalları tərəfindən də nümayiş etdirilir. Bu videolar, eyni zamanda, Bakıdakı avtobus dayanacaqlarında və şəhərdə quraşdırılmış böyük monitorlarda da göstərilir.

Əlavə olaraq, kampaniyanı təbliğ edən afişalar şəhərdəki reklam lövhələrinə və avtobus dayanacaqlarına yerləşdirilir və Facebook sosial şəbəkəsində də paylaşılır.

Bununla yanaşı, Bakının müxtəlif ərazilərində yol hərəkəti təhlükəsizliyini təbliğ edən komandalar kampaniyaya cəlb olunub ki, onlar sürücülər və piyadalarla söhbətləşərək onları yollarda daha təhlükəsiz olmağa çağırır və yol təhlükəsizliyinin bütün məqamları haqqında məlumatlandırır.

Nəqliyyat Nazirliyi tamaşaçıları Oyunlar zamanı idman arenalarına gedərkən şəxsi avtomobillər əvəzinə şəhər boyunca fəaliyyət göstərəcək təkmilləşdirilmiş ictimai nəqliyyat xidmətlərindən istifadə etməyə çağırır.

Bakı 2015 Avropa Oyunları zamanı nəqliyyat haqqında ən son məlumatları əldə etmək üçün aşağıdakı mənbələrə müraciət etməyiniz xahiş olunur:
- Bakı 2015 internet səhifəsi (www.baku2015.com);
- Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi - 2015 nömrəsinə zəng etməklə əlaqə saxlamaq olar;
- Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi (http://mot.gov.az/), Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi (http://dyp.gov.az/) və Bakı şəhər İcra Hakimiyyətinin (www.baku-ih.gov.az) internetsəhifələri;
- Radio dalğası (107.7 FM), internet səhifəsi (www.niim.az) və Facebook səhifəsi (https://www.facebook.com/niim.gov.az?fref=ts) də daxil olmaqla, NİİM-in məlumat kanalları

2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Birinci Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Birinci Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya, 4-ü qeyri-olimpiya idman növündə olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən təxminən 6000 idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

12 idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş, cüdo və voleybol daxildir.

Birinci Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.

Birinci Avropa Oyunları haqqında fotoşəkillər, videolar və digər məlumatlardan ibarət geniş qalereya yaradılıb və mətbuat nümayəndələri, Bakı 2015-in Media kitabxanasında bütün bunların hamısını əldə edə bilərlər. Media kitabxanasına giriş əldə etmək üçün sadəcə [email protected] elektron ünvanına məktub yazın və biz sizi müvafiq məlumatlarla təmin edəcəyik.

Bakı 2015 Avropa Oyunlarının biletlərini satış məntəqələrindən, yaxud http://az.baku2015.com/tickets saytından onlayn qaydada almaq mümkündür. Onlayn alınmış biletlərin təsdiq bildirişləri şəhərin aşağıda göstərilən ünvanlarında yerləşən istənilən bilet satış məntəqələrində biletə dəyişdirilə bilər: "Park Bulvar", "28 Mall", "Metro Park" ticarət mərkəzləri, Heydər Əliyev Sarayı, "Azərbaycan" kinoteatrı, Nizami küçəsinin Bülbül prospekti ilə kəsişməsi, Azadlıq meydanı, ASAN xidmətin Yasamal filialı, eyni zamanda, metronun "Neftçilər", "Əhmədli" stansiyaları yaxınlığında və Fəvvarələr meydanında yerləşən "McDonald's" restoranı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.